Qazaxıstan Xəzərdə ABŞ bazası yerləşdirir? - Rəsmi cavab
Qazaxıstan Xəzərdə ABŞ hərbi bazalarını yerləşdirməyə hazırlaşmır.
Bu barədə Qazaxıstan Xarici işlər naziri Kayrat Abdrəhmanov məlumat verib.
Onun sözlərinə görə, Rusiyanın bəzi KİV nümayəndələri və ekspert dairələri Amerikaya məxsus qeyri-hərbi yüklərin Qazaxıstan vasitəsilə tranziti ilə bağlı real işlərin vəziyyəti barədə dəqiq məlumata malik deyillər.
XİN rəhbəri qeyd edib ki, söhbət Əfqanıstan hökumətinə dəstək məqsədilə Qazaxıstan ərazisindən qeyri-öldürücü yüklərin dəmiryolu vasitəsilə kommersiya tranzitindən gedir: "Aydındır ki, bu cür tranzit üçün yalnız Qazaxıstanın deyil, ABŞ-dan Əfqanıstanadək nəqliyyat marşrutları üzərində yerləşən digər ölkələrin əraziləri də cəlb edilib. Təbii ki, Xəzər dənizində nəinki ABŞ, hər hansı dövlətin hərbi bazasının yerləşdirilməsindən söhbət getmir”.
Kayrat Abdrəhmanov vurğulayıb ki, ABŞ və Rusiya arasında qüvvədə olan müqavilərdə nəzərdə tutulan analoji şərtlər və müddəalara riayət olunur.
Qazaxıstanlı nazir bildirib ki, sabah Aktauda Xəzəryanı ölkə prezidentləri tərəfindən Xəzərin hüquqi statusuna dair imzalanması nəzərdə tutulan yekun Konvensiyada sahilyanı ölkələrdən başqa digər dövlətlərin silahlı qüvvələrinin Xəzərdə mövcudluğuna icazə verilməməsi prinsipi əks olunub (Teleqraf.com).