"Qara Dənizin Mirvarisi" - Batumidən REPORTAJ - VİDEO - FOTO
Yayda məzuniyyətə çıxarkən istirahət etmək üçün maraqlı məkan axtarırıq. Ağılımıza ilk gələn yer öz doğma rayonlarımız və ya qonşu dövlət olan Gürcüstan olur. Gürcüstan həm məsafəcə yaxın, həm də cibimizə uyğun yerdir. Yayda istirahət üçün çoxumuz Gürcüstanın Batumi şəhərini seçirik. Qara dənizin sahilində yerləşən bu şəhər dünyanın turizm mərkəzlərindən biri sayılır. Bura dənizi ilə turistləri cəlb edir. Gürcüstanın ən yaxşı çimərlikləri burada yerləşir.
Batumi şəhəri Acarıstan Muxtar Respublikasının paytaxtıdır. Əhalinin əksəriyyətini gürcü müsəlmanları olan acarlar təşkil edir.
Batumiyə necə gedək?
Bakıdan Batumiyə müxtəlif marşrutlarla getmək olar. Ən sərfəlisi avtobusdur. Bakıdan Batumiyə birbaşa avtobus reysi var. Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi yola düşür. Gediş qiyməti 40 manat təşkil edir. Avtobuslar kondisioner və "wi-fi" sistemi ilə təchiz olunub. Bakıdan Batumiyə olan məsafə 940 km-dir. Avtobusla 13 saata Batumiyə çatmaq olar.
Batumidə qiymətlər elə də baha deyil. Burada 500 manat pulla 1 həftə yaxşı istirahət edə bilərsiniz. Batumidə istirahətə gedərkən, əlbəttə ki, dəniz sahilində bir yerdə, çimərliyə daha yaxın yaşamaq istəyirsən... Burada qalmaq üçün münasib qiymətə kifayət qədər evlər, hostellər var. Qiymətlər günlük hostellərdə 20-40 evlərdə isə 50-100 arası dəyişir otellərdə qiymət qismən bahadır. Burada qiymətlər 80 laridən başlayır.
Bu yazımda Batumidə gəzib - gördüyüm ən maraqlı yerlər haqqında sizə qısa da olsa məlumat verməyə çalışacağam.
"Əli və Nino" heykəli
Batumidə turistlərin əsasən də azərbaycanlıların yaddaşlarında qalan yerlərdən biri də "Əli və Nino" heykəlidir. Heykəl Qurban Səidin azərbaycanlı oğlanla gürcü qızın sevgisindən bəhs edən "Əli və Nino" romanından ilhamlanaraq yaradılıb. "Əli və Nino"əsl sevgi abidəsidir. Abidənin hündürlüyü 7 metrdir. Bir-birindən aralı olan metal konstruksiyalı qadın və kişi heykəli hər 8-10 dəqiqədən bir birləşir. Heykəllər spiralvari quruluş sayəsində asanlıqla qovuşaraq bir tam əmələ gətirirlər. Heykəllər hər gün səhər saat 07:00-da hərəkətə başlayır və on dəqiqədən bir qovuşurlar. Gecələr isə, heykəllər xüsusi olaraq quraşdırılmış vasitələrlə işıqlandırılır. Bu heykəl Batumini dənizkənarı bulvarına ayrı möhtəşəmlik verir.
Batumi bulvarı
Batuminin dənizkənarı bulvarı da çox məşhurdur. Dənizkənarı bulvar səkkizi kilometr uzanır. Şəhərin əsas hissəsi sayılır. Burada çoxlu restoranlar, kafelər, klublar, fəvvarələr, heykəllər, və uşaqların əyləncəsi üçün müxtəlif atraksionlar yerləşir.
Çimərlik
Əlbəttə ki, Batuminin əsas cazibəsi onun çimərlikləridir. Çimərlik çox təmizdir. Bu çimərlikdə yay zamanı ukraynalı, rusiyalı, iranlı və ərəb turistləri görə bilərsiniz. Çimərlikdə quma rast gələ bilmərsiniz. Burada ancaq çınqıldır. Çimərkən ehtiyatlı olmaq lazımdır. Dərinlik demək olar ki dərhal başlayır. Gecələr çimərlikdə gənclər üçün diskotekalar təşkil olunur.
Əlifba qülləsi
Bulvarda gəzdiyiniz zaman qarşınıza böyük bir qüllə çıxır. Qülləni gürcü əlifbasının şərəfinə inşa ediblər. Qüllə üzərinə gürcü əlifbasının 33 hərfi həkk olunub. Qüllənin uzunluğu 130 metrdir.Ən üst hissədən şəhərə gözəl mənzərə açılır. Bu mənzərəyə baxmaq üçün 10 larinizdən keçməlisiniz. Burada restoran da yerləşir.
Botanika Bağı
Batumi Botanika Bağı Batumi şəhərindən 9 km məsafədə yerləşir. Məsafə şəhərdən bir qədər aralı olsa da getməyə dəyəcək bir yerdir. Bura Batuminin ən sakit yeridir desək yanılmarıq. Burada adamın ruhu dincəlir. 113 hektar sahəsi olan bu bağ dünyanın ən böyük botanika bağlarından sayılır. Giriş biletinin qiyməti 8 laridir.
Delfinariy
Batumidəki delfinariy böyüklər və uşaqlar üçün ən maraqlı əyləncə növlərindən biridir. Burada delfinlərlə müxtəlif şoular göstərilir. Bu əyləncənin qiyməti gündüz seansı üçün 15 axşam seansı üçün 20 laridir. Əgər siz delfinlərlə üzmək istəsəniz, 150 larinizdən keçməli olacaqsınız.
Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.
Kanat yolu
Turistlərin ən çox ziyarət etdikləri yerlərdən biridir. Siz kanat yolundan istifadə etməklə Arqonun qonağı olursunuz. Bura dəniz səviyyəsindən 250 metr hündürlükdədir. Buradan Batumu şəhərinə, Qara dənizə möhtəşəm mənzərə açılır. Kanatdan istifadəyə görə biletin qiyməti 15 lari 12 yaşa qədər olanlara 5 laridir.
Şərab
Gürcüstan və şərab bunları ayrı təssəvvür etmək olmur. Hər bölgənin öz şərabı olduğu kimi Batuminin də şərabları var. Burada süfrələrdən şərab əskik olmur. Batumiyə gəlmisinizsə, mütləq buranln çaxırlarından dadın. Bizdə evə qonaq gəldiyində ilk növbədə çay qoyulur, burada isə şərab. Batumidə çay tapmaq gülməli olsa da çətindir. Batumidə Acariya şərab evi də var. Bu şərab evi turistlər arasında çox məşhurdur. Mütləq getməli olduğunuz yerlərdəndir. Batumidə şərab qiymətləri 2 laridən başlayır. Batumidə restoranlarda qiymətlər çox baha deyil. Siz 20 lariyə yaxşı nahar edə bilərsiniz.
Mətbəx
Burda da Gürcüstanın hər yerində olduğu kimi xəmir yeməklərinə üstünlük verilir. Ancaq bir sıra fərqlər var. Məsələn dənizə yaxın olduğuna görə burada balıq yeməkləri məşhurdur. Batumidəsinizsə mütləq Acar xaçapurisinin və Acarulinin də dadına baxmağı unutmayın.
Bütün bu yerləri görmək, yeməklərdən dadmaq və şərabların dadına baxmaq istəyirsinizsə, Batumiyə səyahət etməyə dəyər.
Fərid Dağlar
Milli.Az