Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şamaxı rayonuna səfəri - YENİLƏNİB - FOTO
10:48
Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Dəmirçi Arxeologiya Muzeyinin açılışında iştirak ediblər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı və birinci xanım muzeyin rəmzi açılışını bildirən lenti kəsdilər.
Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Ölkəmizin hər bir guşəsi maddi-mədəniyyət abidələrinin yarandığı və inkişaf etdiyi qədim insan məskənlərindən olub. Bu gün respublikamızın bir sıra bölgələrində aparılan genişmiqyaslı arxeoloji tədqiqatlar əhəmiyyətli maddi-mədəniyyət nümunələrinin üzə çıxarılmasına səbəb olub ki, bu da Azərbaycan tarixinin qədimliyini bir daha sübut edir. Aşkarlanan maddi-mədəniyyət abidələrinin qorunub-saxlanması və yeni nəsillərə ötürülməsi də mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə tarix-diyarşünaslıq, həmçinin arxeologiya muzeylərinin fəaliyyəti mühüm rol oynayır. Ölkəmizdə mədəniyyətin bütün sahələrinə göstərilən qayğı muzey işinin təşkili və bu sahədə yeni innovasiyaların tətbiq olunması baxımından da diqqət çəkir. Şamaxı rayonunun Dəmirçi kəndində yeni inşa olunan Arxeologiya Muzeyi də qədim maddi-mədəniyyət abidələrinin qorunmasına xidmət etməklə özündə bu prinsipləri nümayiş etdirir.
Məlumat verildi ki, Şamaxı rayonunun ən qədim kəndlərindən olan Dəmirçinin tarixi XV əsrə gedib çıxır. İsmayıllı rayonunun Əhən kəndindən gələn dəmirçi ailələri mövsümi xidmətlə əlaqədar burada müvəqqəti, sonralar isə daimi məskən salıblar. Kəndin adı sonra sakinlərin məşğuliyyəti ilə əlaqədar dəyişib və Dəmirçi olub. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən bu kəndin iqlimi mülayimdir, yayı sərin, qışı isə çox da sərt olmur. Kəndin mərkəzi hissəsində turizm infrastrukturu, o cümlədən dəmirçi və misgərlik emalatxanası, kafe, çayxana, təndir, "Azərxalça" ASC-nin guşəsi, suvenir mağazası və "ABAD" dükanları, avtomobil dayanacağı yaradılıb, "Qala" və bulaq kompleksi inşa edilib. Dövlətimizin başçısının göstərişi ilə ölkəmizin ən qədim dini ocaqlarından olan kənd məscidi əsaslı şəkildə yenidən qurulub. Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən ilin oktyabrında Dəmirçi kəndinə səfərləri çərçivəsində kənd məscidinin yenidənqurmadan sonrakı vəziyyəti və burada yaradılan turizm infrastrukturu ilə tanış olublar.
Muzeydə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, muzey binasının inşasına bu ilin fevralında başlanıb. Yüksək səviyyədə həyata keçirilən tikinti işləri avqustda başa çatdırılıb. Birmərtəbəli bina açıq və qapalı ekspozisiya zallarından, iki yardımçı otaqdan ibarətdir. Buradakı açıq muzey xüsusilə diqqəti cəlb edir.
Bildirildi ki, Dəmirçi-Lahıc yolunun çəkilişi zamanı kəndin 4-cü kilometrliyində Gədəli yaylağı adlanan ərazidə 3 hektar sahədə son antik və erkən orta əsrlərə aid nekropol aşkar edilib. Tədqiqat zamanı yer səthindən təqribən 50-80 santimetr dərinlikdə 30-a qədər daş qutu qəbirləri, qala divarları və yeraltı anbarlar aşkarlanıb. Kvadrat formasında olan qəbirlərin hamısının divarları çaydaşı və əhəngdaşından ibarət olan qaya parçalarından hörülüb, üstü isə sal daşlarla qapanıb. Qəbirlərdə skeletlər bükülmüş vəziyyətdə sol böyrü üstə başı əsasən şimal-şərq istiqamətində aşkar olunub. Həmin daş qutu qəbirlərdə alban dövrünə aid kifayət qədər zəngin maddi-mədəniyyət nümunələri qeydə alınıb. Tapıntılar içində saxsı və çini məmulatlar sayca üstünlük təşkil edir. Daş qutu qəbirlərdə metal nümunələr də aşkarlanıb. Onların içərisində silah və bıçaqlar, eləcə də tunc bəzək əşyalarına daha çox rast gəlinir. Bəzi qəbirlərdə skeletin başının altında gümüş cam üzə çıxıb. Elmi cəhətdən çox mühüm tapıntılardan biri həmin camların içərisində skeletin başı altında parça qalıqlarının aşkar olunmasıdır. Bu da Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılan ən qədim parça nümunəsidir. Bir qəbrin skeletinin yanında qılınc və xəncər də qoyulub. Bu tapıntılar həmin qəbrin ən azı sərkərdə və toplum içərisində xüsusi nüfuz sahibi olan hərbçiyə aid olduğunu ehtimal etməyə əsas verir.
Diqqətə çatdırıldı ki, muzeyin sərgi zalında ümumilikdə 7 bölmə yaradılıb. Burada Şamaxı rayonu ərazisində, həmçinin Dəmirçi kəndində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri, nadir daş alətlər, əkinçilik mədəniyyətinə aid əmək alətləri, soyuq silahlar, mis, bürünc, gümüş sikkələr, aqlay materiallardan su boruları, qədim gil məmulatı və digər nadir tapıntılar, məişət əşyaları nümayiş olunur. Bu eksponatlar buraya gələn turistlər üçün böyük maraq doğuracaq, onlara ölkəmizin tarixi ilə daha yaxından tanış olmaq imkanı yaradacaq. Həmçinin muzey bu bölgənin tarixinin müxtəlif dövrlərini araşdırmaq üçün mühüm əhəmiyyətə malikdir.
X X X
Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni salınan Dəmirçi-Lahıc avtomobil yolunun açılışında iştirak ediblər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və xanımına yolun göstəriciləri barədə məlumat verdi.
Azərbaycanın iqtisadi inkişafının göstəricilərindən biri də yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlərin ardıcıl və keyfiyyətlə davam etdirilməsidir. Yeni, müasir avtomobil yollarının tikintisi, mövcud yolların isə yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarında bu sahəyə xüsusi yer ayrılıb. Son illərdə yol infrastrukturunun inkişafı istiqamətində icra edilən layihələr yolların müasir səviyyəyə çatmasına hərtərəfli imkan yaradıb. Əsas məqam odur ki, son dövrlərdə respublikanın kənd və qəsəbələrini birləşdirən yolların inşası və yenidən qurulması geniş vüsət alıb. Bu layihələr ölkəmizin bütün bölgələrini əhatə edir. Şamaxı rayonunda Dəmirçi-Lahıc avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması bunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmiri və yenidən qurulması ümumilikdə, bölgələrimizin sosial-iqtisadi, turizm, kənd təsərrüfatı potensialını da gücləndirir. Bütün bu tədbirlərin əsas məqsədi isə vətəndaşların sosial məsələlərini həll etmək və onların gündəlik həyatını daha da yaxşılaşdırmaqdır.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən yolun uzunluğu 22 kilometrdir. Dəmirçi-Lahıc avtomobil yolu uzun müddət təmir olunmadığı və burada yola asfalt qatı vurulmadığı üçün hərəkət hissəsi sıradan çıxmışdı. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində, xüsusən payız-qış mövsümündə problemlər yaradırdı. Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, Şamaxı rayonunun 1 və İsmayıllı rayonunun 4 yaşayış məntəqəsini əhatə edən Dəmirçi-Lahıc yolunun tikintisinə müvafiq olaraq prezidentin ehtiyat fondundan 3 milyon, dövlət büdcəsinin investisiya xərclərindən isə 13,7 milyon manat olmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ümumilikdə 16,7 milyon manat ayrılıb. Görülən işlər nəticəsində Dəmirçi-Lahıc avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlər də daxil olmaqla yol yatağının eni 8-10 metr təşkil edir. Yol üzərində müxtəlif diametrli suötürücü borular tikilib ki, onların da ümumi uzunluğu 210 metr təşkil edir. Avtomobil yolunda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi və yolgöstərici xətlər çəkilib, həmçinin avtobus dayanacaqları tikilib.
Qeyd edək ki, bu avtomobil yolunun tikintisi İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə Şamaxı rayonunun Dəmirçi kəndini birləşdirməklə yol boyu yaşayan vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını xeyli asanlaşdıracaq. Bundan başqa, yolun tikintisi turistlərin hər iki rayonun turizm bölgələrinə daha qısa və rahat yolla gediş-gəlişini təmin etmiş olacaq.
Sonda xatirə şəkli çəkdirildi.
--------
21:28
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 132 şagird yerlik Şamaxı rayonu Meysəri kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak ediblər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı məktəbin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Son illərdə ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca amil seçib. Yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmayıb. Təhsilin inkişafına xüsusi önəm verən Azərbaycan da əhalisinin savadlılığı baxımından dünyanın bir çox inkişaf etmiş ölkələri ilə müqayisə olunur. Dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi ilə diqqət çəkir. Fondun təhsil sahəsində gördüyü işlər sırasında müxtəlif bölgələrdə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı müstəsna əhəmiyyət daşıyır. 2003-cü ildən indiyə qədər ölkədə 3000-dən çox məktəb tikilib, Azərbaycanda heç vaxt olmayan qədər geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Bununla da ölkədə təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işi ümummilli səviyyəyə qaldırılıb.
Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi ki, Meysəri kənd tam orta məktəbinin binası ötən əsrin 50-ci illərində inşa edilib. O dövrdən sonra heç vaxt təmir olunmayan məktəb artıq müasir tələblərə cavab vermirdi və tədris üçün yararsız vəziyyətə düşmüşdü. Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət, bu sahədə həyata keçirdiyi islahatlar Meysəri kənd tam orta məktəbinin həyatında da mühüm rol oynadı. 2016-cı ildə Meysəri kənd tam orta məktəbi üçün yeni binanın inşasına başlandı. Məktəb binası artıq istifadəyə hazırdır və burada inşaat işləri yüksək səviyyədə yerinə yetirilib. Müasir və işıqlı sinif otaqlarının olduğu məktəbdə təlim və tədrisin yüksək səviyyədə aparılması üçün bütün şərait yaradılıb. Məktəbin kitabxanası dərsliklər və dərs vəsaitləri ilə təmin olunaraq şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb. Akt zalında isə məktəbin həyatı ilə bağlı müxtəlif tədbirlərin keçirilməsinə hər cür imkan var. Məktəbdə əyani vasitələrlə təchiz olunan fənn kabinetləri yaradılıb. Xarici dil otaqlarının, kimya, fizika və biologiya üzrə fənn kabinetlərinin olduğu məktəbdə informatika kabineti kompüter avadanlığı ilə təchiz edilib. Məktəbin hərbi kabinetində şagirdlərin hərbi biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılıb.
Meysəri kənd tam orta məktəbi üçün yeni binanın inşası son illərdə təhsil sahəsində qazanılan uğurların təməlində Azərbaycanın yeni təhsil modelinin dayandığını bir daha təsdiqləyir. Artıq ölkədə yeni təhsil konsepsiyası formalaşıb və həyata keçirilməyə başlayıb. Azərbaycanda yüzlərlə məktəb binasının tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi nəhəng təhsil infrastrukturunun formalaşmasına geniş imkanlar açıb. Ən əsası isə milli dəyərlər üzərində qurulan təhsil modeli gənclərin nümunəvi vətəndaş kimi formalaşmasını qarşıya əsas məqsəd qoyub və buna nail olub.
X X X
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya səfəri çərçivəsində Meysəri kəndindəki "Şirvan şərabları" MMC-nin üzümçülük və şərabçılıq kompleksinin açılışında iştirak ediblər.
Azərbaycanda həyata keçirilən məqsədyönlü uğurlu siyasət nəticəsində iqtisadiyyatın sürətli inkişafı ölkədə işgüzar fəallığın yüksəldilməsinə, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da sürətli inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Prezident İlham Əliyevin hazırda intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasəti, həyata keçirilən dövlət dəstəyi tədbirləri öz uğurlu nəticəsini verir. Bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olur. Üzümçülüklə bağlı həyata keçirilən tədbirlər də bunun əyani ifadəsidir.
Şamaxı rayonunda əhalinin əksər hissəsi bitkiçilik və heyvandarlıqla məşğul olur. Bitkiçilikdə taxıl, kartof, tərəvəz, bostan bitkiləri, üzüm və meyvə məhsulları istehsalı üstünlük təşkil edir. Rayon üzümlükləri isə vaxtilə böyük şöhrət qazanıb. Belə ki, ötən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilib. Sonradan Sovet İttifaqının dağılması, 90-cı illərin əvvəllərində ölkədə yaşanan gərginlik, baxımsızlıq iqtisadiyyatın digər sahələri kimi, üzümçülüyü də demək olar ki, sıradan çıxarıb. Hazırda bu gəlirli sahənin bərpası və yenidən inkişaf etdirilməsi diqqət mərkəzindədir. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və qəbul edilən "2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı" bu sahənin yenidən dirçəldilməsində mühüm rol oynayır. Bu dövlət proqramı üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətini də gücləndirib, yeni üzümçülük təsərrüfatlarının yaradılmasına müsbət təsir göstərib. İri aqrar rayonlardan olan Şamaxıda kənd təsərrüfatının bu sahəsinə xüsusi önəm verilir. Belə ki, son vaxtlarda Şamaxıda üzümçülük sahəsinin dirçəldilməsi, onun keçmiş şöhrətinin özünə qaytarılması üçün mühüm tədbirlər həyata keçirilir. Bu istiqamətdə "Şirvan Şərabları" MMC-nin gördüyü işlər təqdirəlayiqdir.
"Şirvan şərabları" MMC-nin icraçı direktoru Ceyhun Soltanov dövlətimizin başçısına və xanımına məlumat verdi ki, üzümçülük və şərabçılıq kompleksinin ümumi sahəsi 310 hektardır. Kompleksin ərazisində sahəsi 4398 kvadratmetr olan şərab zavodu müasir texnologiya ilə inşa edilib və Fransanın "Pera" şirkətinin avadanlıqları ilə təchiz olunub. Müəssisənin hədəfi illik 1,4 milyon litr şərab istehsalına nail olmaqdır. Həmçinin regionun turizm potensialını da nəzərə alaraq kompleksə turist turlarının təşkil olunması və nəticədə ölkəmizdə şərabçılıq turizminə töhfə vermək də müəssisənin qarşıya qoyduğu məqsədlərdəndir. Bu məqsədlə ərazidə şərab muzeyi və restoran binası, terras istifadəyə verilib, qonaqlar üçün avtodayanacaq və qonaq evi tikilib. Uşaqlar üçün əyləncə zonası da yaradılıb. Kompleksin girişində yük və minik avtomobilləri üçün nəzarət-buraxılış məntəqələri var. Ərazidə anqar binası, texnikalar üçün avtoyuma və yanacaq doldurma məntəqəsi, mağaza və zavodun maşınları üçün avtodayanacaq tikilib. Çayın üzərində minik maşınları və piyadalar üçün körpü inşa olunub. Əraziyə uzaq məsafədən su, işıq, qaz xətləri çəkilib, yağış sularının axması üçün xüsusi borular və avtomat suvarma sistemləri, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb. Zavodun işçi heyəti üçün ofis, yeməkxana və yataqxana binası inşa olunub.
Qeyd edək ki, ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə üzümçülüyün inkişafına xüsusi diqqət göstərilirdi. Bunun nəticəsi idi ki, 1984-cü ildə respublika büdcəsi gəlirlərinin 40 faizə yaxını üzümçülük və şərabçılığın hesabına təmin edilirdi. Həmin dövrdə 254 min hektar üzüm bağlarından 2 milyon 164 min ton məhsul yığılmışdı. Bu, SSRİ-də istehsal olunan üzümün 30 faizi idi. Həmin dövrdə Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. 26 min hektar üzüm plantasiyası olan rayonda ildə orta hesabla 240 min tondan çox üzüm toplanırdı. Müəssisənin istehsal prosesi ilə tanış olan dövlət başçısına məlumat verildi ki, Şamaxıda yenə də üzümçülüyün inkişafına xüsusi diqqət göstərilir. 2014-cü ildə üzüm bağlarının salınması və arqonik bioşərab istehsalı məqsədilə yaradılan "Şirvan şərabları" MMC-nin fəaliyyəti bu sahədə diqqəti cəlb edir.
Fransız texnoloq Jam Montane bildirdi ki, 2015-ci ildə 40 hektar sahədə fransız sortlarından ibarət 100 min ting əkilməklə ilk üzüm bağı salınıb. Bir il sonra - 2016-cı ildə daha 40 hektar sahədə Azərbaycan, gürcü və fransız sortlarından ibarət 100 min ting əkilib. İlk məhsul ötən il götürülüb. 233 min 379 ton üzüm yığılıb, bu məhsuldan 142 min 900 litr üzüm şirəsi sıxılıb və "Meysəri" markası ilə 3 adda "Sədəf", "Mərcan" və "Məxməri" şərabları istehsal olunub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilk məhsulları imzaladılar.
Bildirildi ki, 2017-ci ildə 40 hektardan çox, bu il isə 35 hektardan çox sahədə növbəti üzüm bağları salınıb. Gələn il 44 hektar sahədə yeni bağların salınması və üzüm sahələrinin 200 hektara çatdırılması nəzərdə tutulub. Üzümlüklərin 40 faizini ağ, 60 faizini isə qırmızı üzüm sortları təşkil edəcək. Hazırda müəssisədə Meysəri kəndi və ətraf ərazilərin sakinlərindən 200-dək insan işlə təmin olunub. Onu da deyək ki, kompleksin ərazisində yaşıllıq zolağı salınıb, 1000-dən çox müxtəlif növ ağac və kollar əkilib, süni göl yaradılıb. Müəssisəyə məxsus üzüm əkini üçün relyef baxımından əlverişsiz olan 34 hektardan çox sahədə müxtəlif meyvə ağacları əkilib.
Sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşdü.
Müəssisənin işçisi Zahir Əliyev göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkürünü bildirdi.
Sonda xatirə şəkilləri çəkdirildi.
Milli.Az