Digər

Nazarbayev: “Sabah Xəzərin statusu üzrə tarixi qərar qəbul ediləcək”

Metbuat.az

Xəzərdə dövlətlərin qarşılıqlı münasibətlərinə aid olan bütün məsələlər uyğunlaşdırılıb, sabah tarixi qərar qəbul ediləcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Qazaxıstan prezidenti Nursultan Nazarbayev Kurık limanının bərə kompleksində bildirib.

“Son 20 il ərzində biz mövqelərimizi uyğunlaşdıraraq Xəzər dənizində ümumi işimizə aid olan bütün məsələləri həll etmək üçün çox çətin danışıqlar aparırdıq. Bunlar Xəzər dənizinin resursları, dənizin bioloji resurslarının saxlanılması, ticarət və bizim dövlətlərimizin əməkdaşlığı kimi məsələlər idi. Güman edirəm ki, bütün məsələlər uyğunlaşdırılıb, biz sabah tarixi qərarın qəbulunu gözləyirik. Bu, bizim hamınız üçün çox vacib andır”, - Nazarbayev deyib.

Qeyd edək ki, avqustun 12-də beş sahilboyu dövlət – Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentləri Aktauda görüşəcəklər. Dövlət başçıları Xəzərin statusunun müəyyən edilməsi üzrə çoxillik danışıqlara yekun vuracaqlar. Bu gün isə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi keçiriləcək.