Elçin Mirzəbəyli: "Avropa Parlamentində bəzi qruplar ermənilərlə yaxından əməkdaşlıq edir"
“Ermənistan mütəmadi olaraq Avropa Parlamenti və yaxud başqa beynəlxalq təşkilatları təmsil edən şəxsləri aparmağa çalışır. Bununla da beynəlxalq ictimai rəydə guya Dağlıq Qarabağda işğalçılıq rejiminin olmadığını, əksinə olaraq, hansısa dövlət strukturlarının fəaliyyət göstərdiyini, orada yaşayan ermənilərin öz müqəddəratlarını təyin etdiklərini və s. bu kimi məsələləri nümayiş etdirməyə cəhd göstərir”.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib.
Politoloq qeyd edib ki, bu, Ermənistanın ənənəvi siyasətinin tərkib hissəsidir:
“Təəssüflər olsun ki, Avropa Parlamentində bəzi qruplar erməni diasporlarla yaxından əməkdaşlıq edib Azərbaycana qarşı təbliğat aparmağa cəhd göstərirlər. Onlar bu proseslərdə müəyyən qədər iştirak etməyə çalışırlar. Amma qeyd etmək lazımdır ki, Azərbaycan tərəfinin səyləri nəticəsində son dövrlərdə qeyri-qanuni yollarla Azərbaycanın işğal altında olan ərazilərinə səfər edənlərin sayı kifayət qədər azalıb. Burada, xüsusilə, siyasi çəkisi olan insanlardan söhbət gedir. Kimliyindən asılı olmayaraq, Dağlıq Qarabağa səfər edən xarici siyasətçilərin davranışı Azərbaycanın sərhədlərini qanunsuz şəkildə pozmaqdır. Azərbaycan tərəfi bu istiqamətdə müvafiq diplomatik addımları atacaq. Əslində bu reallıqlarla uzun ilərdir ki, qarşılaşırıq. Bütün bu problemlərə son qoyulmasının yeganə yolu Azərbaycan torpaqlarının işğal edilməsi və Azərbaycanın suveren hüquqlarının bərpa olunmasıdır. Bununla yanaşı, biz artıq illər öncə - 2008-ci ildən başlayaraq Avropa Parlamentinə Azərbaycanın işğal edilmiş torpaqlarının statusunun müəyyənləşdirilməsi haqqında qanun layihəsi təqdim etmişdik. Bir sıra ölkələrdə, o cümlədən, qonşu Gürcüstanda belə bir qanun layihəsi var. Doğrudur, Azərbaycan beynəlxalq hüquqi normalara əsaslanaraq diplomatik addımlar atır. Amma bununla yanaşı, işğal olunmuş ərazilərin statusunun müəyyənləşdirilməsi və oraya səfər edən şəxslər haqqında hüquqi ölçülərin məhz Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməsi üçün birbaşa işğal faktı ilə bağlı qanunun qəbul edilməsinə ehtiyac var”.
Zümrüd