Digər

Ekvador prezidenti Assanj üçün şərtini açıqladı

Metbuat.az

Ekvador prezidenti Lenin Moreno "Vikiliks" saytının banisi Culian Assanjın Ekvadorun Londondakı səfirlikdən çıxması üçün şərtini açıqlayıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, prezident bu haqda NTN24 telekanalının efirində bildirib.

Onun sözlərinə görə, Britaniya hökuməti onun hüquqlarına hörmət göstərəcəyi halda, Culian Assanj Ekvador səfirliyinin ərazisini istənilən vaxt tərk edə bilər.

Daha əvvəl “Blomberg” agentliyi bildirib ki, Assanj səhhətindəki problemlərə görə Ekvadorun səfirliyini tərk edə bilər.

İyulun sonunda Lenin Moreno İspaniyanın “El Pais” qəzetinə müsahibəsində bildirmişdi ki, Assanjın vəziyyəti ilə bağlı bütün tərəfləri qane edəcək həll variantı tapmaq lazımdır. O həmçinin deyib ki, yaranmış vəziyyətdən çıxış üçün Britaniya hakimiyyəti və “Vikiliks”in banisinin nümayəndələriylə konsultasiyalar başlanıb.

Qeyd edək ki, Assanj 2012-ci ildən Ekvadorun Londondakı səfirliyindədir. Assanj İsveçə ekstradisiya olunmamaq üçün 2012-ci il iyunun 19-da Ekvadorun Londondakı səfirliyinə gedərək siyasi sığınacaq istəmişdi. ABŞ-da “Vikiliks”in yaradıcısını 35 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. O, casusluqda və Dövlət Departamentinin məxfi sənədlərini icazəsiz yaymaqda ittiham olunur.

“Vikiliks”in banisi İsveçdə seksual xarakterli cinayətlərdə şübhəli bilinir. O, Stokholmdan ABŞ-a deportasiya olunacağından ehtiyatlanır.

Britaniya hökuməti bildirir ki, Assanj Ekvador səfirliyini tərk edən kimi saxlanılacaq. Çünki o, yerli məhkəmə tərəfindən girov müqabilində azadlığa buraxıldıqdan sonra müəyyən şərtləri pozmuşdur.