Ölkə

DOST bütün neqativ halları aradan qaldıracaq - Deputat

Metbuat.az

"Ölkə başçısının sərəncamı ilə yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi sosial təminatla bağlı problemlərin vahid pəncərə sistemi ilə həllinə imkan yaradır".

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyətini şərh edərkən deyib.

M.Quliyev bildirib ki, bu agentlik fəaliyyətə başlayandan sonra bu istiqamətdə problemlərini həll etmək istəyənlərin idarələri gəzmək, müxtəlif sənədlər toplamaq, rüşvətxorluq və digər neqativ hallarla qarşılaşmayacaq:

“Agentlik fəaliyyətə başlayandan sonra rayon şöbələri yaradılacaq və vətəndaş bir otağa daxil olmaqla özünün məşğulluq, əlillik vəziyyətinin təyini, reabilitasiya vasitələri ilə təminat, ünvanlı sosial yardım, pensiya, müavinət təyinatı və sairlə bağlı bütün problemlərini həll edəcək. DOST Agentliyi ASAN xidmət modelinin təcrübəsindən istifadə etməklə dünyanın ən inkişaf etmiş dövlətlərin sosial təminat sahəsindəki praktikası nəzərə alınmaqla hazırlanıb”.

Millət vəkili bildirib ki, Agentlik yeni və müasir, sivil ölkələrin təcrübəsinə əsaslanan xidmət sahəsi olacaq.

"Xidmətin keyfiyyəti yüksələcək, bürokratik əngəllər sıradan çıxacaq, vətəndaşlara yüksək səviyyəli, mədəni xidmət göstərmək şəraiti yaradılacaq".