Barselonada evlərin elektrik sisteminin yenidən qurulmasına 14 milyon 400 min avro xərclənəcək
Barselonada şəhəri daha ekoloji və qənaətli edəcək, təmiz enerji mənbələrindən istifadəyə imkan yaradacaq islahatlar planlaşdırılır. Şəhər bələdiyyəsi bu layihəyə təxminən 14 milyon 400 min avro xərcləyəcək.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, söhbət enerji suverenliyinə keçidi təmin edən və iqlim dəyişikliklərinin təsirini zəiflədən strategiyadan gedir. Binaların yenidənqurulması enerji səmərəliliyinin artırılması məsələsini qarşıya qoyur. Bundan ötrü binaların fasadında, damında, həyətində, pilləkən və dəhlizlərində işlər aparılacaq ki, bu da daha rahat yaşamağa və elektrik enerjisindən qənaətlə istifadə etməyə, həmçinin Günəş batareyalarının quraşdırılmasına imkan yaradacaq. Günəş batareyalarının quraşdırılması sayəsində sərf olunan xərclərin yaxın 3 il ərzində əvəzi ödəniləcək.
Barselonada 2017-ci ildə elektrik xərcləri 200 faiz artıb. Ehtimal edilir ki, binalarda indiki yenidənqurma 780 ailənin illik enerji tələbatına bərabər tutulan həcmdə elektrik enerjisinə qənaət olunmasını həyata keçirəcək. Günəş batareyaları isə 120 ailənin enerji tələbatını generasiya etməyə imkan yaradacaq.
Milli.Az