Azərbaycan-Tacikistan münasibtlərində yeni mərhələ və hədəflər
Tacikistan prezidenti Emoməli Rəhmon Azərbaycanda rəsmi
səfərdədir. Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən
sonra iki ölkə liderinin iştirakı ilə geniş tərkibdə görüş
keçirildi. Azərbaycan və Tacikistan arasında əməkdaşlığın
genişləndirilməsi ilə bağlı bir sıra mühüm sənəd
imzalandı.
Liderlərin geniş tərkibli görüşdə çıxışı zamanı iki ölkə arasındakı
əməkdaşlıq haqqında dedikləri də Bakı-Düşənbə xəttində çox gözəl
atmosferin olduğunu sübut edir.
Azərbaycan-Tacikistan münasibətləri tarix boyu müsbət nüanslarla
diqqət çəkir. Ötən il iki ölkə arasında diplomatik münasibətlərin
qurulmasının 25 illiyi qeyd olundu. İki ölkə arasında əməkdaşlıq
xüsusi dostluq münasibətləri ilə seçilir. Misal üçün, 2008-ci ildə
Tacikistanda havaların şaxtalı keçməsi nəticəsində ölkə
iqtisadiyyatına dəyən ziyanı aradan qaldırmaq üçün rəsmi Düşənbənin
müraciətini nəzərə alaraq Azərbaycan tərəfindən dövlət büdcəsində
nəzərdə tutulmuş Ehtiyat Fondundan bu ölkəyə bir milyon ABŞ dolları
məbləğində humanitar yardım edilib. 2012-ci ildə Tacikistanla
Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında
xüsusi xidmətlərinə görə bu ölkənin prezidenti Emoməli Rəhmon
“Heydər Əliyev” ordeni ilə təltif edilib.
Azərbaycan və Tacikistan arasında diplomatik münasibətlər 1992-ci
ilin 29 mayında qurulub. 2007-ci ildə Tacikistanda Azərbaycan
səfirliyi, bir il sonra – 2008-ci ildə isə Azərbaycanda Tacikistan
səfirliyi açıldı.
İki ölkə arasında əlaqələr həm də liderlərin dostluq
münasibətlərində öz əksini tapır.
2007-ci ilin 15-16 mart tarixində Azərbaycan Prezidenti İlham
Əliyev Tacikistanda rəsmi səfərdə olub. Həmin ilin 13-14 avqust
tarixində isə Tacikistan prezidenti Emoməli Rəhmonun ölkəmizə rəsmi
səfəri baş tutub. 2007-ci ilin 4-5 oktyabrında Azərbaycan lideri
MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün
Tacikistanda işgüzar səfərdə olub.
2012-ci ilin 12-13 iyul tarixində Tacikistan prezidenti Azərbaycana
rəsmi səfərə gəlib. Həmin ilin 15-16 oktyabr tarixində Tacikistan
lideri Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv
ölkələrin dövlət və hökumət başçılarının sammitində iştirak etmək
üçün Azərbaycana işgüzar səfər edib.
Bakı və Düşənbə arasında sıx dostluq münasibətləri daim prioritet
olub. İki ölkə beynəlxalq təşkilatlarda da daim bir-birinə dəstək
verib. Bu baxımdan, Emoməli Rəhmonun Bakı səfəri olduqca
təbiidir.
Bu səfər dövlət başçılarının bildirdiyi kimi, Azərbaycan və
Tacikistan arasında iqtisadi, humanitar və s. sektorlar üzrə
əməkdaşlığın daha da dərinləşməsinə səbəb olacaq. Lakin Emoməli
Rəhmonun səfərində diqqət çəkən bir sıra nüanslar da var.
Tacikistan Azərbaycanın nəqliyyat infrastrukturundan istifadə etmək
istəyir:
Azərbaycan Böyük İpək Yolunun üzərində yerləşən açar ölkədir. Bu
gün Mərkəzi Asiyanı Cənubi Qafqazla bağlayan və burada Avropaya
çıxaran nəqliyyat dəhlizi məhz ölkəmizin üzərindən keçir. Bu gün
ölkəmiz “Şimal-Cənub” nəqliyyat dəhlizi və Bakı-Tbilisi-Qars
dəmiryolu vasitəsilə Hindistandan tutmuş Mərkəzi Asiya ölkələri də
daxil olmaqla Şərqi Qərbə bağlayır. Bakı-Tbilisi-Qars dəmiryolu
Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionlarını birləşdirəcək
“Şərq-Qərb” nəqliyyat dəhlizinin də əsas xətti hesab olunur. Bu
baxımdan, Azərbaycan Avropa ilə yanaşı, Uzaq Şərqdən tutmuş Mərkəzi
Asiya və Cənubi-Şərqi Asiya bölgələri üçün əhəmiyyətli ölkədir.
Tacikistan prezidentinin Bakıya səfərinə ilk olaraq bu kontekstdə
baxa bilərik. Rəsmi Düşənbə Avropa bazarına çıxış əldə etmək
istəyir və bunun üçün Azərbaycan əsas tranzit yoludur. Tacikistan
öz mallarını Bakı Limanına gətirə, oradan da Qara dənizə çıxara
bilər. Hesab etmək olar ki, Tacikistan lideri Emoməli Rəhmonla
Azərbaycan lideri İlham Əliyev arasında məhz Azərbaycanın nəqliyyat
və liman infrastrukturundan istifadə imkanları müzakirə olunub.
Bu Azərbaycana iqtisadi qazancla yanaşı, siyasi dividendlər də vəd
edir. Çünki Tacikistan Mərkəzi Asiya regionun əsas ölkələrindəndir.
Rəsmi Bakı regionun bütün ölkələri ilə sıx əlaqələrə malikdir.
Tacikistanla əlaqələrin daha da dərinləşdirilməsi bu kontekstdə
yaxşı addımdır. Digər tərəfdən, Tacikistan işğalçı Ermənistanın
üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT)
təmsil olunur. Düşənbə ilə əlaqələrin dərinləşməsi Ermənistanın
özünə arxa hesab etdiyi bu təşkilatda güc balansını Azərbaycanın
xeyrinə dəyişmək imkanlarını daha da genişləndirir.
Bütün bu amillər Bakı-Düşənbə xəttində olduqca səmərəli əlaqələrin
inkişafını şərtləndirir. Liderlərin qarşılıqlı səfərləri və
bir-biri ilə qurduqları dostluq münasibətlər hər iki ölkənin milli
maraqlarına xidmət edir.
Asif