Anar Nağılbazın ölüm səbəbi nədir? - Atası danışdı - VİDEO (YENİLƏNDİ)
Ailə üzvləri bildiriblər ki, reperin ölümünə uzun müddətdir çəkdiyi stres səbəb olub.
Atası, sabiq deputat Rizvan Cəbiyev oğlunun ölümü ilə bağlı Real TV-yə açıqlamasında bildirib ki, Anar Nağılbaz evdə, valideynlərinin yanında dünyasını dəyişib. Rizvan Cəbiyev deyib ki, Anar Nağılbaz bir müddət əvvəl müalicə alıb: “Qara ciyəri iflas etmişdi”.
Jurnalist İradə İsak isə Anar Nağılbazın vəfatıyla bağlı sosial şəbəkədəki səhifəsində belə yazıb: "Anar Nağılbazgildəyik. Atası Rizvan dayıyla həyətdə danışdım. Atasının sözlərinə görə, Anar evə gəlib, qəfil halı pisləşib, yıxılıb, dili qatlanıb. Təcili yardım maşını çağırıblar, xəstəxanaya gedərkən yolda keçinib. Allah rəhmət eləsin".
Minval.info qeyd edib ki, reperin ölüm səbəbi daxil qanaxma olub. Spirtli içkini həddən artıq qəbul etməsi səbəbindən daxili qanaxma keçirən A.Nağılbaz xəstəxanada dünyasını dəyişib.
***
Tanınmış reper Anar Nağılbaz vəfat edib.
Publika.az Kult.az-a istinadən xəbər verir ki, bu barədə müğənni Ceyhun Qala şəxsi İnstaqram hesabında məlumat yayıb.
Teleqraf.com yazıb ki, bu barədə həmçinin yazıçı Qan Turalı Feysbukda bildirib. Nağılbazın anası Şərqiyyə Cəbiyeva REAL-a açıqlamasında oğlunun ölümünü təsdiqləyib. Ailə üzvləri bildiriblər ki, reperin ölümünə uzun müddətdir çəkdiyi stres səbəb olub.
Qeyd edək ki, Anar Nağılbaz 1974-cü il martın 28-də Füzuli şəhəri, Horadiz qəsəbəsində dünyaya gəlib. 1988-ci ildən repə maraq göstərməyə başlayıb.
1991-ci ildə “Aysel” miniatür teatr studiyasını yaradıb. 1990-1992-ci illərdə “Kirpi” jurnalının, 1993-1995-ci illərdə “Naxçıvan” qəzetinin müxbiri olub.
Böyük səhnəyə 1993-cü il fevralın 28-də “Canlı klip” teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb. 1996-cı ildə ilk albomu işıq üzü görüb.
44 yaşlı rep ifaçısı 2 dəfə evlənib. Onun Anjelika adlı ilk həyat yoldaşından 2 övladı var. Bu ilin iyununda isə Aytən adlı xanımla ailə qurmuşdu.
Qeyd edək ki, bu ilin aprel ayında da reperin səhhəti pisləşmişdi. Şərqiyyə Cəlilova mətbuata açıqlamasında oğlunun səhhətinin yaxşı olmadığını şəkər xəstəliyindən əziyyət çəkdiyini, təzyiqi ilə bağlı probleminin olduğunu demişdi.