ABŞ Türkiyənin planlarını belə baltalamağa çalışır - Trampın xüsusi təmsilçisi Bərzani ilə birlikdə...
Türkiyə və İraq arasındakı ali səviyyəli görüşlərdə Ovakənd-Bağdad ticarət-nəqliyyat xətti ilə bağlı əldə edilən razılaşmalar ABŞ-da kəskin narahatlıq doğurub.
Publika.az xəbər verir ki, İraqın baş naziri Heydər İbadinin Ankara ilə müzakirələrindən sonra hərəkətə keçən ABŞ prezidenti Donald Trampın Suriya və İraqdakı özəl təmsilçisi Bred Makqark başda Bərzani və Tələbani olmaqla, bölgədəki tayfa liderləri ilə bir sıra görüşlər keçirib.
“Müstəmləkə qubernatoru” və “PKK/PYD-nin baş icraçı direktoru” adlandırılan və 2015-ci ildən bəri bölgədə vəzifəsini icra edən Makqark toplantıları Mosul, Ərbil, Təlafər və Sincar şəhərlərində təşkil edib. Görüşlərdə Türkiyə-İraq və İraq-Suriya sərhədlərinin Bağdad qüvvələrindən təmizlənərək təhlükəsizliyin Amerika əsgərləri və Peşmərgəyə etibar edilməsi üçün liderlədən yardım istənib.
Türkiyədən İraqın paytaxtı Bağdada doğru uzanan Ovakənd xəttinin ilk qolunu təşkil edən Təlafər Makqark və heyətinin bölgədəki görüşlərində xüsusi mövzu olub. Fərqli qruplaşmaların öndərləri ilə Kərkükdə təşkil edilən toplantında açıq şəkildə Təlafərin İraq ordusundan təmizlənərək ABŞ qüvvələrinə təslim edilməsi gündəmə gətirilib. Makqark həmin toplantıda Təlafər Hərbi Hava Limanında İran əsgərləri və Haşdi Şabi qüvvələrinin yerləşdiyini, ABŞ qüvvələrinin Təlafər hava limanını bu ünsürlərdən təmizləyərək nəzarəti ələ keçirmək istədiyini söyləyib.
Bred Makqarkın təşəbbüsü ilə keçirilən görüşlərdə Türkiyə və Suriya sərhədlərinin amerikalı əsgərlərin dəstəyi ilə Peşmərgəyə təslim ediləcəyi, Vaşinqtonun bu mövzuda qətiyyətli olduğu ifadə edilib. Trampın özəl təmsilçisi 4 gün boyunca görüşləri davam etdirərkən ABŞ-ın xarici işlər və müdafiə nazirliyindən ibarət heyəti daha bir həftə də Şimali İraqda qalaraq fərqli liderlərlə toplantı keçirib.
Makqark hazırda Mosul və Kərkükdə 40 000 İran tərəfdarı milis olduğunu, İraq ordusunun 80% şiələrdən təşkil edildiyini və bu qüvvələrin İranın nəzarətində olduğunu bildirib. İraqın Türkiyə və Suriya ilə olan sərhədlərinin ABŞ-ın nəzarətinə keçirilməsindən sonrakı hədəf isə Kərkük olacaq və yenə Kərkük Peşmərgənin nəzarətində qalacaq.
Mütəxəssislər Makqark və heyətinin İraqdakı təşəbbüslərini “Ovakənd xətti” planının boşa çıxması üçün olduğunu bildirir. Türkiyə-İraq hökumətlərinin Bərzani və Peşmərgə bölgələrinin yanından keçərək Habur sərhəd xəttinə alternativ açmağa çalışdığı ticarət və nəqliyyat koridoru ABŞ tərəfindən baltalanmağa çalışılır.
Narahatlıq içində toplantılar keçirən ABŞ Ovakənd planını əngəlləməkdən başqa da planlar qurur. Sərhəd bölgələrinə amerikalı əsgərləri yerləşdirilir və daha sonra buralar Peşmərgəyə təslim edilərsə, Vaşinqton bir daşla bir çox quş vurmağı hədəfləyir. Çünki bu yolla həm Ovakənd-Bağdad xətti layihəsi əngəllənəcək, həm Peşmərgə nəzarəti görüntüsü altında PKK-nın himayəsi davam etdiriləcək, həm də sursatların təslimi üçün İraq ilə Suriya arasındakı quru yol açıq qalacaq.
Qeyd edək ki, ABŞ Bəşər Əsəd rejimi ilə Dəməşqdə neft bazarlığı danışıqları edir. Suriya ilə ABŞ kəşfiyyatının iyun ayında görüşməsi müxtəlif qaynaqlar vasitəsilə təsdiqini tapıb. İddiaya görə, Suriya kəşfiyyatıçısı Şəfi Əli Məmluk ilə Dəməşq Hava Limanında bir araya gələn ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin heyəti rejimdən 3 şeyi tələb edib: İran qüvvələrinin Suriyanın cənubundan çəkilməsi, xarici savaşçılar da daxil olmaqla, ölkədəki terrorçu qruplar haqqında kəşfiyyat məlumatlarının paylaşılması, Suriyanın şərqindəki neft ərazilərində ABŞ-ın söz sahibi olması. Amerika isə bu tələblərin qarşılığında hərbi qüvvələrini Suriyadan geri çəkə biləcəklərini deyib.