Dünya

Yunanıstan avrozonadan kənarlaşdırılır

Metbuat.az
Avropanın valyuta icması Yunanıstanın vahid Avropa valyutası zonasından kənarlaşdırılması ilə bağlı gizlin plan hazırlayır

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə The Times Finlandiyanın Maliyyə Nazirliyi tərəfindən hazırlanmış sənədə istinadən məlumat yayıb.



Qəzetin məlumatına görə, sənəddə "çox çətin siyasi həllərdən" söz açılır. Həmin qərarın bu ilin yazında qəbul olunacağı bildirilir. Bundan əlavə, yaxın üç həftə ərzində Brüssel Afinaya növbəti maliyyə yardımı ayırmazsa, Yunanıstanın müflis olacağı proqnozlaşdırılır.



"Avrozona ölkələrinin susqun razılığı ilə proses işə düşüb. Nəticə olaraq Yunanıstan Avropanın vahid valyuta məkanından kənarlaşdırıla bilər", - sənəddə deyilir.



Xatırladaq ki, Yunanıstan Beynəlxalq Valyuta Fonduna olan borcunun 450 milyon avrosunu qaytarıb. May ayının 12-nə qədər isə 763 milyon avronun da ödənilməsi tələb edilir.



Avrozonadan 7.2 milyard avro məbləğində istiqrazı əldə etmək üçün Afina avropalı kreditorlara yeni islahatlar paketi təqdim etməlidir. Əks təqdirdə, Yunanıstan borc öhdəliklərini yerinə yetirə bilməyəcək.



Milli.Az