Ölkə

Yevlaxda ilin birinci rübündə ümumi daxili məhsulun həcmi 9,6 faiz artıb

Metbuat.az

Yevlax, 16 aprel,

AZƏRTAC

Bu ilin birinci rübündə Yevlax rayonunda ümumi daxili məhsulun (ÜDM) həcmi 107,9 milyon manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,5 milyon manat və yaxud 9,6 faiz çoxdur. ÜDM-in 3,9 milyon manatını sənaye, 13 milyon manatını kənd təsərrüfatı, 4,9 milyon manatını tikinti, 70,4 milyon manatını ticarət, 1,4 milyon manatını nəqliyyat, 0,3 milyon manatını rabitə, 14,1 milyon manatını digər xidmətlər təşkil edib. Adambaşına 864 manat ÜDM istehsal olunub ki, bu da 2014-cü ilin birinci rübünə nisbətən 67,5 manat və yaxud 8 faiz çoxdur.


AZƏRTAC

xəbər verir ki, bu faktlar Yevlax rayonunda 2015-ci ilin birinci rübünün yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib.


Yığıncaqda bildirilib ki, hesabat dövründə tikinti, quruculuq işləri davam etdirilib, infrastrukturun yaxşılaşdırılmasına, əhalini narahat edən problemlərin aradan qaldırılmasına xüsusi fikir verilib. Sahibkarlara, iş adamlarına 6 milyon 979,4 min manat kredit ayrılıb, 292-si daimi olmaqla, 334 iş yeri açılıb. Bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 10,1 milyon manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 500 min manat və ya 5,2 faiz çoxdur.


Bu dövrdə tikinti-quruculuq və abadlıq işləri uğurla davam etdirilib. Azərbaycan Beynəlxalq Bankının Yevlax filialının binası istifadəyə verilib, Aran qəsəbəsindən keçən Bakı-Ələt-Qazax avtomobil yolunun kənarında qala divarlarının və bürclərin tikintisi başa çatdırılıb. Şəhərdə və rayon ərazisindən keçən avtomobil yollarının kənarlarında geniş yaşıllaşdırma işləri aparılıb, 104 mindən çox müxtəlif ağaclar, qızılgül kolları əkilib. Hazırda Kür çayı sahilində 5 ulduzlu hotelin, rayon polis şöbəsinin, İqtisadiyyat və Sənaye Nazirliyinin Aran Regional İnkişaf Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyinin Yevlax rayon idarəsinin, təhsil şöbəsinin, 11 saylı Ərazi Vergilər Departamentinin, 100 yerlik uşaq bağçasının binalarının tikintisi davam etdirilir.


Məruzə və çıxışlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılması, elektrik enerjisi, təbii qaz və su ilə təminatı, təhsilin, mədəniyyətin inkişafı sahəsində görülən işlər ətraflı təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülb.