Dünya

Yəmən hadisələrinə dair iki sual

Metbuat.az

Son günlər dünyanın həyəcanla xəbər gözlədiyi məkanlardan biri də Yəməndir. Husilərin ölkənin əhəmiyyətli hissəsi üzərində nəzarəti ələ keçirməsindən sonra başda Səudiyyə Ərəbistanı olmaqla ərəb ölkələri hərbi koalisiyası durmadan Yəmənə hava zərbələri endirir. Nəticədə isə uşaq və qadınlar olmaqla yüzlərlə insan həlak olub. Dünya ölkələri də, mediası da bu olaylara fərqli münasibət bəsləyir. Çox dərinliklərə varmadan biz oxucularımızı cəmi 2 sual ətrafında düşünməyə dəvət edirik.

 
Birincisi. Hazırda husilərə rəhbərlik edən Əbdül Məlik Husinin böyük qardaşı Hüseyn hələ 2004-cü ildə azadlıq hərəkatına başlayıb. O qətlə yetirildikdən sonra isə rəhbərlik qardaşına keçib. Yəni 11 ildir ki, bu hərəkat Yəməndə fəaliyyət göstərir. Son aylar ərzində husilər Yəməndə böyük ərazilərə nəzarəti ələ keçirdilər, hətta paytaxt Aden belə onlara tabe oldu. Amma maraqlıdır ki, nə xəbər saytlarında, nə sosial şəbəkələrdə bir dənə də olsun nə kütləvi edam, nə başkəsmə, nə də əlkəsmə əməliyyatını əks etdirən nə bir foto, nə də bir video yayılmadı. Sual belədir: görəsən minlərlə günahsız insanın başını kəsən, zəbt etdikləri torpaqlarda olmazın vəhşiliklərini törədən, əsirləri diri-diri yandıran İŞİD, “Ən-Nusra” və sair terror təşkilatlarının barbarlıqları nə üçün ərəb ölkələrini, o cümlədən də Səudiyyə Ərəbistanını hərəkətə gətirmədi?
 
İkincisi. Artıq 4 ildir ki, Suriyada qan su yerinə axır. Ötən ilin iyununda isə hərbi qarşıdurmalar İraq ərazisinə keçdi. İŞİD və həmfikirləri ayaq basdıqları yerdə kütləvi qətliamlar törədilir. Maraqlıdır ki, tərkibində dünyanın az qala bütün guşələrindən toplanan terrorçuları dünya birliyi Suriya hakimiyyətinin “sünnü müxalifəti” kimi təqdim etməyə çalışır. Halbuki, bir daha qeyd edək, terrorçuların böyük əksəriyyəti başqa dövlətlərin vətəndaşlarıdırlar. Ancaq husiləri “şiə terrorçuları” kimi qələmə verirlər. Hərçənd, onların sırasında döyüşənlərin hamısı yəmənlidir. Bəs, görəsən nə üçün ikili standartlara yol verilir, bu ümmətin parçalanması layihəsini kim cızıb və bu kimin maraqlarına xidmət edir?
 
islam.az