Digər

Yazıçı "qara siyahı"dan çıxdı

Metbuat.az

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Gürcüstan vətəndaşı, yazıçı David Turaşvilinin adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılması barəsinə müraciətinə dair mətbuata açıqlama verib.



XİN-dən ANS PRESS-ə bildirilib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycan Respublikasının “Dövlət Sərhədi haqqında" qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş Gürcüstan vətəndaşı, yazıçı David Turaşvili adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Xarici İşlər Nazirliyinə məktubla müraciət edib.



Məktubda David Turaşvili bu səfərin təsadüfi və qərəzsiz olduğunu, heç bir halda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmətsizlik xarakteri daşımadığını bildirib. O, müstəsna hal kimi "arzuolunmaz şəxslər" siyahısına salınması barəsində qərarın ləğv olunmasını xahiş edib.



David Turaşvilinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Mənbə
ANS PRESS