Yaralı Nurlanın vəziyyəti ağırdır (VİDEO)
Goranboyda 21 yaşlı gənc minaya düşüb.
ANS TV-nin Qarabağ bürosunun məlumatına görə, Goranboyun Zeyvə kənd sakini Nurlan Kərimov səhər saatlarında yoldaşları ilə birgə yabanı bitki toplamaq üçün təmas xəttinə yaxınlaşıb.
Minalanmış əraziyə yaxınlaşan zaman partlayış baş verib və nəticədə Nurlan Kərimov yaralanıb. Ərazi qarşı tərəfdən müşahidə olunduğuna görə 21yaşlı Nurlan Kərimovu bir müddət yaralandığı yerdən çıxarmaq mümkün olmayıb. Onu hərbiçilərin köməyi ilə ərazidən uzaqlaşdırmaq mümkün olub.
Vəziyyəti ağır olan yaralı təhlükəli ərazidən çıxarıldıqdan sonra Gəncə şəhərinə yola salınıb. Gəncədə ayağı amputasiya olunan gəncin vəziyyəti orta ağırdır.
Yaralının qohumu Çərkəz Atakişiyev ANS-ə bildirib ki, minanın partladığı yer cəbhənin ən təhlükəli yerlərindən biridir:
“Bir müddət əraziyə girmək mümkün olmadı, çünki ora cəbhənin ən qorxulu yeridir. Hazırda Nurlan Kərimovu ərazidə nə qədər qaldığı barədə məlumatım yoxdur, amma onu bilirəm ki, çox qan itirib, vəziyyəti ağırdır”.
ANS PRESS