Ölkə

Yanvar-mart aylarında 10 tondan çox müxtəlif növ yararsız ərzaq məhsulları satışdan çıxarılıb

Metbuat.az

Göyçay, 17 aprel, Şahnəzər Bəşirov,

AZƏRTAC

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə aprelin 17-də Göyçayda istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans təşkil edilib. Konfransda 250-dək istehlakçı iştirak edib.


AZƏRTAC

xəbər verir ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev çıxış edərək, Azərbaycanda istehlakçı hüquqlarının qorunmasının iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb, ölkəmizdə bu sahəyə böyük diqqət göstərildiyini qeyd edib. İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirlərinin, istehlakçı fəallığının artırılmasının əhəmiyyətini diqqətə çatdıran rəis müavini, Dövlət Xidmətinin təşkilatçılığı ilə bu cür seminar və konfransların keçirilməsinin mühüm önəm kəsb etdiyini vurğulayıb. Maarifləndirmə tədbirləri çərçivəsində 2014-cü ildə və bu ilin ötən dövründə istehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 115 minə yaxın buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 mindən artıq yaddaş kitabçası hazırlanaraq paylanılıb.


Araz Əliyev bildirib ki, istehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunması məqsədilə Dövlət Xidməti tərəfindən maarifləndirmə tədbirləri ilə yanaşı, inzibati tədbirlər də həyata keçirilir. Belə ki, istehlak bazarında mənşəyi məlum olmayan, saxlama müddəti ötən, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan ərzaq və qeyri-ərzaq malları satışdan çıxarılır. 2015-ci ilin yanvar-mart aylarında 10,1 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılıb.


Konfransda Dövlət Xidmətinin əməkdaşlarının istehlakçı hüquqlarının qorunması barədə məruzələri dinlənilib, istehlakçı hüquqları, həmçinin ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində qanunvericiliyin tələbləri, eləcə də görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat verilib.


Tədbir Dövlət Xidməti əməkdaşlarının istehlakçı hüquqlarına dair maarifləndirici mövzularda çıxışları ilə davam edib. Çıxışlarda maarifləndirmə işlərinin əhəmiyyəti bir daha vurğulanıb, istehlakçılara isə öz hüquqlarının müdafiəsində fəal olmaları, qarşılaşdıqları məsələlərin həllində aidiyyəti qurumlarla əməkdaşlıq etmələri, malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirmələri tövsiyə olunub. Tədbir iştirakçılarına məlumat verilib ki, istehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, nazirliyin internet saytı və "Facebook" səhifəsi ilə Dövlət Xidmətinə məlumat verə bilərlər.


Konfransın sonunda istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.