Digər

"Yalnız böhtanı əks etdirən müraciət nəticəsiz qalacaq"

Metbuat.az
Millət vəkilləri düşünür ki, Azərbaycanla ABŞ arasındakı münasibətlər Kerriyə ünvanlanan bir müraciətlə korlana bilməz

“Məktubu imzalayanların, dəstək göstərən şəxslərin hər biri zaman-zaman ayrı-ayrılıqda Azərbaycana qarşı düşmən mövqeyində dayanıblar və bu istiqamətdə bir sıra işlər görüblər. Həmin şəxslər bu dəfə qrup şəklində birləşərək, mövqelərini ortaya qoydular, hansı yolu tutduqlarını dünyanın diqqətinə çatdırdılar”. Bu fikirləri bizimlə söhbətində millət vəkili

Fəzail Ağamalı

bir qrup ABŞ siyasətçisi və Azərbaycan diaspor nümayəndələrinin ABŞ dövlət katibi Con Kerriyə göndərdikləri qərəzli məktuba münasibət bildirərkən dedi. Qeyd etdi ki, bu, ölkəmizi sevməyən qüvvələrin növbəti anti-Azərbaycan addımıdır: “Həmin müraciəti oxuyarkən bizə qarşı məkrli olduqları dərhal hiss olunur. Sözügedən məktub mənə vaxtilə Azərbaycanı istəməyən, onun uğurlarını həzm etməyən, qısqanclıqla yanaşan ermənilərin sovet hakimiyyəti dövründə ölkəmiz əleyhinə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinə, onun baş katibinə ünvanlandığı müraciətləri xatırlatdı. Hazırda Azərbaycana qarşı təzyiqin və təhdidin universal forması yaradılıb. Belə ki, söz, mətbuat, ifadə azadlığı kəlmələri altında fərqli bir təzyiq forması mövcuddur. Bu, ayrı-ayrı ölkələr, müxtəlif təsisatlar, qeyri-hökumət təşkilatları və ya konkret adamların timsalında özünü büruzə verir. Guya müəyyən ölkələrdəki vəziyyət tədqiq olunur və ortalığa nəticələr çıxarılır. Halbuki artıq hamı bilir ki, onlar bu metoddan təzyiq kimi istifadə edirlər və onlara yaxın olan dövlətləri yaxşı vəziyyətdə, qalanlarını isə acınacaqlı durumda təqdim edirlər”.



F.Ağamalının fikrincə, belə bir sənədin hazırlanması ABŞ dövlət katibini Azərbaycana qarşı hər hansı bir addım atmağa cəsarətləndirməyəcək: “Bu cür mətnlər onu buna vadar edə bilməz. Son dərəcə qərəzli hazırlanan, Azərbaycana riyakarlığı ifadə edən, özündə yalnız böhtan əks etdirən bir müraciət nəticəsiz qalacaq. Çünki ölkəmiz əleyhinə xüsusi canfəşanlıq edən ermənilər və onların təsiri altında olan şəxslərin Azərbaycana düşmənçiliyi bəlli məsələdir. Siyahıda bəzi “vətəndaşlarımızın” adının olması və onların anti-Azərbaycan mövqeyindən çıxış etməsi təəssüf doğurur. Nə yazıq ki, Azərbaycanda bu cür insanlar demək olar ki, həmişə olub və faktiki olaraq, bu gün də var. Ola bilsin ki, hətta gələcəkdə də bu tip şəxslər olsun. Onlar vaxtilə Azərbaycanın müstəqilliyinə qarşı döyüşən, vuruşan və ölkəmizi bolşeviklərə təslim edən əliheydərqarayevlərin, çingizildırımların övladlarıdır. Onlar tarixə necə düşüblərsə, bu “azərbaycanlılar” da eyni cür xatırlanacaqlar. Təəssüf ki, Azərbaycanın deyil, ermənilərin və ölkəmizi gözü götürməyən digər qüvvələrin maraqlarına xidmət edirlər”.


Millət vəkili

Fərəc Quliyev

də bu müraciətin heç bir nəticə verməyəcəyindən əmindir: “Belə məktuba nə qədər adam imza atır-atsın, o, faydasız olacaq. Hesab edirəm ki, bu müraciəti edənlər çox məsuliyyətsiz bir işə imza atıblar. Çünki Azərbaycanla Amerika arasında çox ciddi strateji əməkdaşlıq olduğunu hamı bilir. Məlumdur ki, bunu pozmağa çalışanların sayı az deyil. Amma Amerika tərəfi də bu məqamı nəzərə alır deyə, heç bir pis addımın atılmayacağını düşünürəm. Amerika rəsmiləri ölkəmizə rəsmi səfərləri zamanı da dəfələrlə əməkdaşlığın strateji formada davam etdirilməsində, inkişafında maraqlı olduqlarını etiraf ediblər. Bizim ölkə rəsmiləri də eyni mövqeni bölüşüblər. Yəni hər iki tərəf münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayır. Təəssüf ki, həm bizim vətəndaşlarımız, həm də amerikalılar belə bir mətnə imza atmaqla bu münasibətlərə kölgə salmaq istəyirlər. Guya ölkədə müəyyən neqativ halların mövcud olduğunu deyirlər. Halbuki Amerikanın özündə və başqa Avropa dövlətlərində istənilən qanunsuz hərəkətə qarşı sərt polis təpkisi olur. Dəfələrlə Amerikada kütləvi etirazlar olub. Bu zaman yüzlərlə insan həbs olunub, hətta polisə müqavimət göstərənlərə atəş açılaraq öldürülüblər. Amma buna görə heç kim onlara bir söz deməyib və heç bir təşkilat hesabatlarına bu məqamları salmayıb. Avropada da belə hal yaşananda heç kim etiraz etmir və nəyə görə insanların təcavüzə məruz qaldığı ilə maraqlanmır. Bu, haqlı məsələdir və hər bir dövlətin öz maraqlarını qoruması qanunauyğun haldır”.



Millət vəkili bildirdi ki, Qərbdə olduğu kimi, Azərbaycan da öz maraqlarını qoruyur: “Kütləvi qanun pozuntularına qarşı sərt polis təpkisi təbii ki, insan hüquqlarının pozulması demək deyil. Çünki dövlət vəziyyətdən asılı olaraq qanunlara qarşı çıxanlar əleyhinə ciddi tədbirlər görür. Belə məsələlərdə cinayətə yol verən şəxsin peşəsini qabartmaq, jurnalist olduğunu deyib peşə borcunu yerinə yetirdiyinə görə təqib olunduğunu iddia etmək doğru deyil. Çünki ölkədə nəinki jurnalist, heç kim fikirlərinə görə həbs olunmur. Təbii ki, jurnalist olmaq da heç kimə imtiyaz vermir ki, qanunları ayaqlasın və ölkə maraqlarının ziddinə getsin. Hamı qanun qarşısında bərabərdir. Heç kim, xüsusilə də jurnalistlər vəzifəsindən sui-istifadə edib cinayət xarakterli hərəkətlərə yol verə bilməz. Təəssüf ki, eləsi var vətənə xəyanət edir, eləsi var korrupsiya ilə məşğul olur, eləsi də var vergidən yayınır. Təbii ki, bu kimi hallara yol verən şəxslər qanun qarşısında cavabdehlik daşıyacaqlar. Bu isə o anlamı verməməlidir ki, jurnalistlər təqib olunur. Ölkədə saytlar, mətbuat orqanları müstəqildir. Dini, irqi ayrı-seçkilik yoxdur. Bunu bütün dünya bilir və etiraf edir. Bu müraciət də öncəkilər kimi qərəzlidir. Mən həm arzulayıram, həm də çağırış edirəm ki, qarşı tərəf bu məsələlərdə diqqətli olsun və Azərbaycana münasibətdə davranışlarını redaktə etsin. Çünki ölkə rəsmilərinə münasibət birbaşa dövlətə olan münasibətlərini göstərir”.



Kaspi.az