Ölkə

Xidmət sahələrinə kadr hazırlığı layihələri təqdim edilib

Metbuat.az

Bakı, 2 aprel,

AZƏRTAC

Aprelin 2-də Təhsil Nazirliyinin 5 nömrəli Bakı Peşə Liseyində xidmət sahələrinə kadr hazırlığı layihələrinin təqdimat mərasimi keçirilib.


Nazirlikdən

AZƏRTAC

-a bildiriblər ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov və nazirliyin digər rəhbər şəxsləri, xidmət sektorunda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.


Təqdimat mərasimində Təhsil Nazirliyi ilə “Abşeron Hotel Group” MMC arasında razılaşmaya əsasən, 5 nömrəli Bakı Peşə Liseyində ekspertlər tərəfindən 430 şagirdə beynəlxalq standartlara uyğun təlimlər keçiriləcəyi diqqətə çatdırılıb. Bu təlimlərin məqsədi “Bakı-2015” ilk Avropa Oyunlarının keçirilməsi ərəfəsində Bakıda istifadəyə veriləcək yeni beşulduzlu “Bulvar Hotel” və “İnturist Hotel” mehmanxanaları üçün kadr ehtiyatı yaratmaqdır.


Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov peşə təhsili sahəsində belə miqyasda təlim layihəsinin ilk dəfə həyata keçirildiyini vurğulayıb. Nazir bu layihənin turizm-xidmət sahəsinin kadrlarla təmin olunmasına böyük töhfə verəcəyinə əminliyini bildirib. Təlimlərdən keçən gənclər Avropa Oyunları ərəfəsində istifadəyə veriləcək mehmanxanalarda və “Absheron Hotel Group” MMC-nin tərkibinə daxil olan digər restoranlar şəbəkəsində işlə təmin olunmaq imkanı qazanacaqlar.


“Absheron Hotel Group” MMC-nin direktoru Mark Harald Ehler 2015-ci ilin iyununda Bakıda keçiriləcək Avropa Oyunları ilə əlaqədar ölkəmizə idmançılarla birgə çoxsaylı qonaqların gələcəyini xatırladıb. Bildirilib ki, bunun üçün xidmət sahələrinin beynəlxalq stantdartlara uyğunlaşdırılması ilə yanaşı kadrların peşəkarlıq səviyyəsinin artırılması da əsas məsələlərdəndir.


Rəsmi hissədən sonra qonaqlar liseydə layihə çərçivəsində keçirilən təlim prosesini izləyiblər.


Daha sonra tədbir iştirakçıları “Müasir Azərbaycan peşəkarları” layihəsi çərçivəsində yeni yaradılmış mühafizəçi kurslarının təlim otaqları, eləcə də hərbi kabinetlə tanış olub, “Eldar studio” şirkəti ilə birgə tədris edilən bərbərlik ixtisası üzrə təlim prosesini izləyiblər.