Ölkə

Xəzər rayonunda keçirilən maarifləndirmə tədbirində erkən nikahların yaratdığı problemlərdən danışılıb

Metbuat.az

Bakı, 1 aprel,

AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Xəzər Rayon İcra Hakimiyyəti ilə birgə növbəti maarifləndirmə tədbiri keçirib.


Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev tədbirdə erkən nikahların səbəblərindən və yaratdığı problemlərdən danışıb. Bildirib ki, bu məsələdə maarifləndirmə işlərinin aparılması vacibdir. Ona görə də pedaqoji kollektivlərin və ictimai təşkilatların da üzərinə böyük vəzifə düşür.


Komitənin sədr müavini Sədaqət Qəhrəmanova isə ailə dəyərlərinin hər zaman xalqımız tərəfindən uca tutulmasından, ölkəmizdə el adətlərinə hörmətlə yanaşıldığından danışıb. Qeyd edib ki, bu gün dövlət də gənc ailələrin qurulması və dayanıqlı olması üçün müxtəlif layihələr, proqramlar həyata keçirir. Məqsəd isə yeni qurulan hər bir ailənin uzun ömürlü olmasını təmin etməkdir. Vurğulanıb ki, bu gün valideynlər arasında təbliğat işinin gücləndirilməsinə çox böyük ehtiyac var.


Tədbirdə digər çıxış edənlər də erkən nikahların fəsadlarından söz açıblar. Bildirilib ki, ailə qurmaq çox böyük məsuliyyətdir. Bu məsuliyyəti isə 14-15 yaşlı yeniyetmə yetərincə dərk etmir. Bu isə son nəticədə hər iki gənci uğursuz ailə taleyi yaşamağa məcbur edir. Ona görə də bu sosial problemə ictimai diqqətin artırılması olduqca vacibdir.