Xalq artisti “Bir bahar axşamı”nda oxuyacaq
Bakı,3 aprel, Günel Əfəndiyeva,
AZƏRTACAprelin 3-də Beynəlxalq Mətbuat Mərkəzində xalq artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fidan Hacıyevanın növbəti konsert proqramı ilə bağlı mətbuat konfransı keçirilib.
AZƏRTAC
xəbər verir ki, mətbuat konfransında opera müğənnisinin aprelin 19-da Heydər Əliyev Sarayında baş tutacaq “Bir bahar axşamı” adlı konsert proqramı barədə geniş məlumat verilib.
Bildirilib ki, keçən il aprelin 19-da keçirilən konsertdən fərqli olaraq, bu il ifaçı müxtəlif dillərdə mahnı və romans janrına üstünlük verib.
Konsertdə yeni mahnılar səsləndirəcəyini bildirən müğənni eyni səhnəni ilk dəfə olaraq Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı nəzdində yaradılan estrada-simfonik orkestri ilə bölüşəcək. Orkestrin dirijoru Azər Allahverdiyev, bədii rəhbəri bəstəkar və pianoçu, əməkdar artist Salman Qəmbərovdur.
Həmişə səhnəni gənclərlə paylaşmağa üstünlük verdiyini deyən Fidan Hacıyeva bu konsertdə də gənc ifaçı Ələsgər Əliyev ilə birgə çıxış edəcəyini deyib. Həmçinin vurğulayib ki, bu, ifaçı üçün debüt olacaq.
Konsertin adına uyğun olaraq opera müğənnisinin libaslarının baharı anladan rəng çalarlarında olacağı vurğulanıb. Hər bir mahnıya ayrı-ayrı klip formasında video-çarxlar çəkiləcəyi qeyd olunub. Həmçinin vurğulanıb ki, sənətkar Karmen obrazı ilə tanındığı üçün bu opera əsərindən də parçalar ifa edəcək.
Sənətkar konsertdə qızı tərəfindən sürpriz-ifa olacağını deyib.
Mətbuat konfransında gələcək planlarından danışan ifaçı jurnalistlərin suallarını cavablandırıb.