Xakasiyada yanğın qurbanlarının sayı 30 nəfərə çatıb
Bakı, 16 aprel,
AZƏRTACRusiya Federasiyasının Xakasiya Respublikasında baş verən yanğınlar nəticəsində həlak olanların sayı 30 nəfərə çatıb, daha iki nəfər isə itkin düşüb. Bu barədə yerli hökumət nümayəndələri məlumat verib.
AZƏRTAC
Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, yanğınlar 5 min insanı evsiz-eşiksiz qoyub, həmçinin bölgəyə 7 milyard rubl həcmində maddi ziyan dəyib.
Hadisənin quru otların qeyri-qanuni yandırılması səbəbindən baş verdiyi deyilir. Hazırda
“ehtiyatsızlıq səbəbi ilə iki və ya daha artıq insanın ölümünə səbəb olan səhlənkarlıq” maddəsi üzrə beş cinayət işi açılıb.
Qeyd edək ki, Xakasiyada ötən bazar günü baş verən yanğınlar isti hava və güclü küləyin təsiri ilə
tez bir zamanda kənd və şəhərlərə keçmiş, nəticədə 38 yaşayış məntəqəsində 1300-dən artıq ev yanaraq külə dönmüşdü.