Ölkə

Uralda “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda gənclərin elmi konfransı keçirilib

Metbuat.az

Bakı Slavyan Universitetində (BSU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda keçiriləcək ənənəvi beynəlxalq konfransa hazırlıq davam edir. Bu il 19 ölkədən 53 nəfər tanınmış elm və ictimai xadim 5-7 may tarixində keçiriləcək konfransda iştirak edəcək.

Konfransa hazırlıq xarici ölkələrdə, BSU-nun əməkdaşlıq etdiyi partnyor universitetlərdə də aparılır. Rusiya Federasiyasının Ural Federal Universitetində (UrFU) (Yekaterinburq şəhəri) fəaliyyət göstərən, BSU tərəfindən yaradılmış Azərbaycanşünaslıq Mərkəzində “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda gənclərin elmi konfransı keçirilib. Xatırladaq ki, Mərkəz 2014-cü ildən fəaliyyətə başlayıb. Yaradıldığı vaxtdan etibarən qısa müddət ərzində Mərkəz görkəmli alim, professor A. G. Nesterovun rəhbərliyi ilə bir çox nailiyyətlər əldə edib. Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə UrFU-da Azərbaycan multikulturalizmi fənni tədris olunur.

Ural Federal Universitetinin Azərbaycanşünaslıq Mərkəzində təşkil olunmuş elmi konfrans may ayında BSU-da keçiriləcək beynəlxalq konfransın bir bölməsidir. Təşkilat Komitəsinin qərarı ilə bu tədbirdə fəal iştirak etmiş altı nəfər rusiyalı tələbə Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün dəvət alıb.

Aytəkin Qardaşova