Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müasir peyvənd otağı yaradılıb
Bakı, 13 aprel,
AZƏRTACAzərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının ikinci mərtəbəsində peyvənd otağı yaradılıb. Burada xəstələrə “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” qanunda nəzərdə tutulan zəruri peyvəndlər edilir. Onlar arasında Hepatit B, vərəm, poliomielit, göyöskürək, tetanus və digərləri var.
ATU-dan
AZƏRTAC-a bildirilib ki, Milli Peyvənd təqvimindəki siyahıdan əlavə, klinikada, həmçinin həkimin məsləhəti ilə insan papilloması virusu, suçiçəyi, hepatit A, meninqokokk infeksiyası və qripə qarşı peyvəndlər də etdirmək mümkündür.
Bu mərkəz peyvəndin aparılması üçün zəruri avadanlıqla (peyvəndlərin saxlanması üçün soyuducu, şok əleyhinə yardım vasitələri, tibbi ləvazimat, bakterisid lampa) təchiz edilib. Kabinetdə peyvənd olunan uşaqların özünü yaxşı hiss etməsi üçün oyuncaqlar, uşaq mebeli, müasir tibbi taxt, körpələr üçün isə bələk masası qoyulub. Peyvənd otağında xüsusi maarifləndirici kitabçalar da var. Otaq gündə iki dəfə dezinfeksiyaedici vasitələrlə təmizlənir.
Qeyd edək ki, ATU-nun Tədris Terapevtik Klinikasında vurulan peyvəndlər əsasən Böyük Britaniyanın “GlaxoSmith Kline” dərman şirkətindən alınır. Peyvəndin vurulması vaksinoprofilaktika sağlamlığı üzrə hazırlıq keçmiş tibb personalı tərəfindən həyata keçirilir. Müraciət edən vətəndaşlara sağlamlıq vəziyyəti haqqında həkimin rəyi təqdim edildikdən sonra peyvənd oluna bilər. Burada həmin şəxsin müvafiq peyvəndə qarşı əks-göstərişinin olmadığı bildirilməlidir. Peyvənd yalnız bu rəy əsasında vurulur.