Tərtərdə tikinti-quruculuq işləri sürətlə davam etdirilir
Tərtər, 17 aprel,
AZƏRTACBu ilin birinci rübündə Tərtər rayonunda sosial-iqtisadi inkişafın sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin yaradılması, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib. Keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışının həcmi 2,5 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 2,8 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 10,5 faiz artıb. Rayonda 103-ü daimi olmaqla, 258 yeni iş yeri açılıb.
AZƏRTAC
xəbər verir ki, bu rəqəmlər rayonda 2015-ci ilin birinci rübünün yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib. Bildirilib ki, hesabat dövründə Tərtər şəhərində abadlıq-quruculuq işləri davam etdirilib, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binasının tikintisi başa çatdırılıb. “İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rayon mərkəzində və yaşayış məntəqələrində, yol kənarlarında 12 mindən çox ağac əkilib. Hazırda Tərtər şəhərində 100 yerlik yeni uşaq bağçasının, şahmat məktəbinin, Qapanlı kənd tibb məntəqəsinin, kənd təsərrüfatı idarəsinin inzibati-laboratoriya binasının, Qaradağlı-Seysulan avtomobil yolunda asfalt beton örtüyün tikintisi davam etdirilir. Tərtər çayı sahilində 2,5 hektar ərazidə yeni park salınması, rayon ərazisində məskunlaşmış 1170 məcburi köçkün ailəsi üçün qəsəbənin tikilməsi, şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, Sarıcalı-Zolgəran kəndləri ərazisində Tərtər çayı üzərində yeni körpünün inşası məqsədi ilə hazırlıq işləri aparılır.
Yığıncaqda aqrar sahədə əldə olunan uğurlardan da bəhs edilib. Bildirilib ki, birinci rübdə 2428 hektarda yazlıq bitkilər əkilib. Əkin sahələrinin suvarılması məqsədilə suvarma sistemlərində 210 min kubmetr lildən təmizləmə işi aparılıb, daşqın və selə qarşı 18 min kubmetr torpaq işi görülüb. 2015-ci ildə susuzluqdan əziyyət çəkən ərazilərdə 14 ədəd yeni subartezian quyusunun qazılması və 6 ədəd subartezian quyusunun bərpası nəzərdə tutulub.
Rüb ərzində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 6 sahibkarlıq subyektinə 61,7 min manat güzəştli kredit verilib.
Çıxış edənlər təmsil etdikləri sahələr üzrə görülmüş işlərdən, əldə olunmuş uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından danışıblar.