Dünya

Sürix ən təmiz havası olan Avropa şəhərlərinin reytinqinə başçılıq edir

Metbuat.az


Bakı, 9 aprel,

AZƏRTAC

Sürix, Kopenhagen və Vyana Almaniyanın Təbiəti Mühafizə İttifaqının tərtib etdiyi ən təmiz havası olan Avropa şəhərlərinin reytinq siyahısına başçılıq edir.


AZƏRTAC

İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, siyahı müəlliflərinin sözlərinə görə, reytinqin tərtib olunmasında ekoloji vəziyyət deyil, hökumətin havanın təmizlənməsi və vəziyyətin yaxşılaşdırılması istiqamətində gördükləri tədbirlər əsas götürülüb. Tədqiqata Avropanın 23 meqapolisi daxil edilib.


Reytinqdə şəhərlər 9 kateqoriya ilə qiymətləndirilib. Bura texniki və iqtisadi tədbirlər, tullantıların ixtisarı, nəqliyyatla iş, o cümlədən velosiped nəqliyyatının inkişafı, yüksəktezlikli şüalanmanın qadağan edilməsi və informasiya şəffaflığı da daxildir.


Şəhər havasının keyfiyyətinin yaxşılaşdırılmasına dair kompleks strategiyanın reallaşdırıldığı Sürix reytinqin lideri olub. O, mümkün balın 89 faizini toplayıb. Qeyd edək ki, 2012-ci ildə bu şəhər balların yalnız 80 faizini toplaya bilmişdi.


İlk üçlükdə, həmçinin maksimal qiymətin 87 faizini toplayan Kopenhagen şəhəri də yer alıb. Tədqiqatçılar bu şəhərdəki velosiped nəqliyyatının inkişafını yüksək qiymətləndiriblər. Siyahıda üçüncü yerdə 84 faiz bal toplayan Vyana şəhəri qərarlaşıb. Burada havanın təmizlənməsinə dair görülən tədbirlər içərisində bir neçə növ yük avtomobilinə şəhərə girişin qadağan edilməsi, həmçinin park və yaşıl zonaların bolluğu əsas götürülüb.


Tədqiqatçıların fikrincə, ekoloji vəziyyət baxımından ən problemli şəhər cəmi 53 faiz bal toplayaraq reytinqdə sonuncu pilləyə enən Lüksemburqdur. Tədqiqatların nəticəsinə görə, şəhər əhalisinin sürətlə artması tikinti layihələrinin çoxalmasına səbəb olur ki, bu da ekoloji vəziyyətin korlanmasında özünü göstərir.