Ölkə

Sumqayıtda “Təhlükəsiz qidalanma” mövzusunda maarifləndirici tədbir təşkil olunub

Metbuat.az

Sumqayıt, 9 aprel, Ətrabə Rzayeva,

AZƏRTAC

 


Sumqayıtdakı Gənclər Evində Dünya sağlamlıq günü ilə əlaqədar olaraq “Təhlükəsiz qidalanma” mövzusunda maarifləndirici tədbir keçirilib. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə Respublika Qızıl Aypara Cəmiyyətinin (QAC), Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən “İctimai Səhiyyə və İslahatlar Mərkəzi”nin, Sumqayıt şəhər Səhiyyə və Təhsil şöbələrinin rəhbərləri, həmçinin Sumqayıt Dövlət Universiteti, Müəllimlər İnstitutu, Sumqayıt Dövlət Texniki Kolleci, Sumqayıt Tibb Kollecinin müəllim və tələbə heyəti, məktəb şagirdləri iştirak ediblər.


AZƏRTAC

xəbər verir ki, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinın rəisi Elşən Baxşaliyev tədbirin mahiyyəti barədə iştirakçıları məlumatlandırıb.


QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova çıxışında bu ilin ayparaçılar üçün önəmli olduğunu bildirdi. O, 95 illik yubileyini qeyd edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti, Cəmiyyətin yaradılmasının təşəbbüskarı, məşhur tarixi şəxsiyyət, general-leytenant Əliağa Şıxlinskinin 150 illik yubileyi, QAC-ın fundamental prinsiplərinin 50 illik yubileyi haqqında məlumat verdi.


Sonra Dünya sağlamlıq günü ilə bağlı “Təhlükəsiz qidalanma” mövzusunda videoçarx nümayiş etdirildi, mövzu ilə əlaqədar təqdimat keçirildi.


Tədbirin sonunda Dünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan və İctimai səhiyyə və islahatlar mərkəzi tərəfindən tərcümə olunan bukletlər iştirakçılara paylanıldı.


Qeyd edək ki, hər il aprelin 7-si Dünya Səhiyyə Təşkilatının qərarı ilə Dünya sağlamlıq günü kimi qeyd edilir.