Ölkə

Soğan toxumu istehsalı zəhmət və diqqət tələb edir

Metbuat.az

Ağdam, 9 aprel, Tahir Ağaməmmədov,

AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda son illər tərəvəz əkinlərinə, xüsusən də soğan istehsalına maraq artıb. Bu isə soğanın məhsuldarlığının və gəlirinin yüksək olması ilə bağlıdır.


Soğan istehsalında məhsuldarlığa təsir edən əsas amillərdən biri yüksək keyfiyyətli və məhsuldar toxumlardan istifadə olunmasıdır. Torpaq mülkiyyətçiləri bu tələbatı xaricdən gətirilmiş toxumlarla ödəyirlər. Artıq yerli fermerlər də soğan toxumu istehsalı ilə məşğul olmağa başlayıblar.


Rayonun Qaradağlı kənd sakini İsrail İbrahimov

AZƏRTAC

-ın müxbiri ilə söhbətində bildirib ki, bir neçə ildir soğan toxumu istehsalı ilə məşğuldur. Onun istehsal etdiyi toxumlar keyfiyyətinə, bitiş faizinə və məhsuldarlığına görə xaricdən gətirilmiş toxumlardan heç də geri qalmır.


O qeyd edib ki, soğan toxumu istehsalı zəhmət və diqqət tələb edir. Sağlam və məhsuldar soğanlar seçilərək noyabr ayında əkilir. Becərilmə dövründə xəstəliklərə və ziyanvericilərə qarşı vaxtında mübarizə tədbirləri aparılmalıdır. Toxum iyulun sonu – avqustun əvvəllərində yığılır.


İ.İbrahimov yerli toxum istehsalının genişləndirilməsinin, toxumçuluğun inkişaf etdirilməsinin həm dövlətin, həm də soğan istehsalçılarının mənafeyinə uyğun olduğunu bildirib: “Xaricdən gətirilən toxumların bir kiloqramı 60-100 manata satılır. Yerli toxumlar xaricdən gətirilmiş toxumlara nisbətən 50 faiz ucuz təklif edilir ki, bu da fermerlərin istehsal xərclərinin xeyli azalmasına səbəb olur. Toxumçuluğun inkişaf etdirilməsi digər tərəfdən respublikamızın әrzaq tәhlükәsizliyi baxımından da әhәmiyyәtlidir”.