Digər
Sloveniyadan gələn qonaq EL TV-də olub
Sloveniyanın Nova Qoritsa şəhər merinin müşaviri və Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin katibi Andrey Kompara “El” Televiziya Şirkətinin qonağı olub.
Milli.Az El Tv-ə (Region Tv) istinadən xəbər verir ki, şirkətdə qonaqla görüş təşkil edilib. O, Azərbaycana ikinci dəfə gəldiyini deyib. Bildirib ki, onun bu dəfəki səfəri Bakıda keçirilən 14-cü beynəlxalq “Turizm və səyahətlər” sərgisi ilə bağlı olub. Həmin sərgidə Sloveniyanın stendində 16 turoperator öz xidmətlərini təklif edir. Buraya əsasən tibbi-müalicəvi istiqamətlər daxildir. Sonra Sloveniya və Azərbaycan arasındakı dostluq münasibətlərindən danışılıb. İkinci Dünya Müharibəsi zamanı indiki Sloveniya ərazisində alman-faşızminə qarşı döyüşən azərbaycanlı, Sovet ittifaqı qəhrəmanı, Mixaylo təxəllüslü Mehdi Hüseynzadənin şücaətlərindən bəhs olunub.
Qonaq vurğulayıb ki, Nova Qoritsada Mehdi Hüseynzadənin büstü və muzeyi var. Görüşdə Sloveniya-Azərbaycan Dostluq Cəmiyyəti barədə də məlumat verilib. Bildirilib ki, cəmiyyət 2010-cu ildən fəaliyyət göstərir. Cəmiyyətin yaranmasında məqsəd iki dövlət arasında mədəniyyət və turizm əlaqələrini genişləndirməkdən ibarətdir. Ardınca “El” Televiziya Şirkətinin baş direktoru İqbal Məmmədəliyev qonağa qiymətli hədiyyələr və diplom təqdim edib.
”Dostlarımın dəvəti ilə buraya gəlmişəm. Mingəçevirdə də olmuşam. Buranın gözəl təbiəti və insanları var. Biz istəyirik ki, tək Bakıda yox, regionlarda da dostluq və turizm əlaqələrini genişləndirək”- deyə Sloveniyanın Nova Qoritsa şəhər merinin müşaviri və Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin katibi Andrey Kompara bildirib.
Daha sonra qonaq televiziya ilə yaxından tanış olub. Ona televiziyada yayımlanan verilişlər və studiyalar barədə məlumat verilib. Sonra müşavir Yevlaxın Sahil parkını və digər görməli yerlərini gəzib.
Milli.Az