Digər
Siz kimi aldatmaq istəyirsiniz, cənablar?
"Uşaqlıq illərimdə bordeldə pianoçu və ya siyasətçi olmağı arzulayırdım. Ölkəmdəki siyasətçiləri yaxşı tanıyandan sonra anladım ki, bu peşələr arasında o qədər də böyük fərq yoxmuş" (Harri Trumen, ABŞ-ın sabiq prezidenti)
ABŞ-dakı bir para siyasətçilər 1945-1963-cü illərdə ölkəyə başçılıq etmiş cənab Trumeninin onillər əvvəl söylədiklərinin nə qədər gerçək olduğunu deyəsən, əməlləri ilə sübut etməyə çalışırlar.
Freedom House təşkilatı da keçmiş ABŞ diplomatlarının və bir sıra insan haqları təşkilatlarının dövlət katibi Con Kerriyə məktubuna qoşularaq rəsmi Bakı üzərinə sanksiyaların qoyulmasına çağırıb.
BBC bildirir ki, məktub müəllifləri Azərbaycan rəsmilərinə viza qadağanın qoyulmasına və mülkiyyət və hesablarının dondurulması kimi tədbirlərin tətbiqinə çağırıblar.
Azərbaycana qarşı təklif olunan tədbirlərin sırasında həmçinin Azərbaycanda keçiriləcək Avropa Oyunlarının açılışının dövlət rəhbərləri səviyyəsində boykot edilməsi göstərilir.
Azərbaycan rəsmiləri insan haqqlarının pozulması ilə bağlı Qərbdən gələn tənqidləri dəfələrlə əsassız kimi rədd ediblər.
Məktub müəllifləri həmçinin Oyunların partnyorlarını sponsorluqdan geri çəkilməyə dəvət edirlər.
Sözü gedən məktubu Morton Abramowitz, ABŞ dövlət katibinin demokratiya və insan haqları üzrə keçmiş köməkçisi Elliott Abrams, Şərqi Avropada Demokratiya İnstitutunun direktoru Eric Chenoweth, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich, "Azadlıq" radiosunun sabiq direktoru, Corctaun Universitetinin eksperti Ceffri Gedmin, "Freedom House"un başçısı Mark Laqon, İrena Lasota, habelə Elmar Şahtaxtinski, Qorxmaz Əsgərov, Ramiz Yunus və başqaları imzalayıblar.
Birləşmiş Ştatlarda bir dəstə siyasətçi, ekspert və onlara qatılmış azərbaycanlı "permanent müxalifətçilər"in dövlət katibi Con Kerriyə müraciətlərini təxribat kimi dəyərləndirənlər yanılırlar.
Təxribat belə primitiv, emosional, bəsit təsirli olmur.
Təxribat rəqibi və ya düşmən sayılan tərəfi zəiflətmək, onun mövqelərini laxlatmaq, pərişan salmaq və sonda geri çəkilməyə, məğlubiyyətə vadar etməyə yönəlmiş əməl, aksiyalar və ya plandır.
Con Kerriyə göndərilən açıq məktub isteriyadır.
Aşkar, hisslərin çulğalaşdığı, az qala bərkdən söylənilən kəlmələrə ehtiyac duyan bir çılğınlıq.
Məktubun müəllifləri Azərbaycanın cəzalandırılmasını, sanksiyaların tətbiqini, hətta azərbaycanlı dövlət adamları və məmurların xarici ölkələrdə "arzuolunmaz şəxs" elan edilməsini, rəsmi Bakının bank hesablarının dondurulmasını tələb edirlər.
Cənablar, bir dəqiqə, durun, marazmın səviyyəsinin olmadığını əməllərinizlə sübuta yetirməyə belə can atmayın.
Azərbaycan nə edib?
Məktubda yazılanlara görə, "müxalifətçilər təqib olunur, jurnalistlərə təzyiqlər göstərilir" və ən başlıcası (aha!) "Azadlıq" radiosunun Bakıda yayımı dayandırılıb.
Dayandırılıbmı?! Deyəsən yox axı, problem maliyyə pozuntularıdır ki, özünə hörmət edən və qanunların şah olduğuna, şahın isə heç bir halda qanun sayılmadığına əmin olan istənilən ölkədə vergi pozuntularına göz yumaraq qanunsuzluq efemer "demokratik dəyərlər"ə qurban verilə bilməz.
Yox, verilə bilərsə, onda ABŞ-da son 8 ayda məhz vergi pozuntularına görə bağlanmış 38 radiostansiyasının fəaliyyəti bərpa olunmalıdır.
Jurnalistlərin təqib olunmasına görə ölkəyə qarşı sanksiya tətbiq olunmalıdırsa, onda ABŞ ilk əvvəl cəza qamçısını əlinə alaraq özünü vurmalıdır, çünki ötən ilin may ayından bəri Birləşmiş Ştatlarda mass-media mənsublarına qarşı 1224 qanun pozuntusu qeydə alınıb.
Qeyri-hökumət təşkilatlarının fəaliyyətindəki qanun pozuntularının araşdırılması "repressiya" sayılırsa, onda elə həmin cənab Kerrinin Konqresdəki dinləmələr zamanı Rusiyanın "Russia Today" telekanalının ABŞ-da yayımlanmasının "çox böyük təhlükə" sayılması, habelə Rusiya, İran, Venesuela və daha 11 ölkə ilə bağlı qeyri-hökumət təşkilatları, ictimai fondlar və s. qurumların Birləşmiş Ştatlarda Federal Təhqiqat Bürosunun əməkdaşları tərəfindən çox böyük diqqətlə araşdırılması da repressiya sayılmalıdır.
ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşları son 1 il il ərzində mass-mediadan alınmış sorğuların sadəcə, 5,7 faizinə cavab veriblər. Yəni sorğuların 94,3 faizi cavabsız qalıb. Statistika mediaya təqiblər və repressiyalara dəlalət edir: yəqin Barak Obama administrasiyasındakı şəxslər "qara siyahı"ya salınmalı, onlara "qurd bileti" verilməlidir.
ABŞ-dakı 17 ştatın sakinlərinin yol-nəqliyyat qəzasında həlak olma şansları odlu silah qurbanı olmaq ehtimalından daha azdır. Buna görə amerikalı məmurları Avropaya buraxmamaq gərəkdir yəqin.
Və ən nəhayət: yalnız ABŞ-da yeniyetmə məhbuslara qarşı edam cəzası tətbiq olunur. Bu da insan haqlarının çox kobud pozuntusu sayılarsa, ABŞ-da keçiriləcək beynəlxalq turnirlərə heç bir ölkə qatılmamalıdır yəqin.
Con Kerriyə məktub ünvanlamış cənabların məntiqinn qüsurlu olduğunu göstərmək üçün elə bu faktlar bəsdir.
Qaldı məktubu imzalayan azərbaycanlı "müxalifətçilər"ə...
Doğrusu, həmin şəxslər Avropada, Asiyada, Avstraliyada yaşasaydılar, yaxud da Antarktidadın qar basmış qütb stansiyalarından birində masa arxasına toplaşaraq Azərbaycanın cəzalandırılmasını tələb etsəydilər, yaxud And dağlarının yamaclarındakı kəndlərdən birində videomüraciət də hazırlayaraq Bakıya qarşı sanksiyalar istəsəydilər - inanın, onların səmimi olduqlarını düşünərdim.
Lakin Birləşmiş Ştatlarda siyasi sığınacaq alan, orada yaşayan və bütün siyasi gələcəklərini, fərdi varlıqlarını, ambisiyalarını Dövlət Departamentindəki hansısa şöbənin rəhbərinin ikinci müavininin üçüncü müşavirinin birinci ehtiyat yardımçısının təbəssümünü izhar edəcəyi ana bağlayan kəslərin qətiyyət, rəşadət və cəsarət kimi sözlərdən uzaq olduqlarını güman etməyimə icazə verin.
Subyektiv fikrimdir, amma 1-ci Avropa Oyunları ərəfəsində belə məktubun hazırlanması daha çox aprelin 24-də ermənilərin "qeyd" etməyə çalışdıqları qondarma "soyqırım" anısına təsadüf etməsi də təsadüf deyil.
Azərbaycanın cəzalanmasını, 1-ci Avropa Oyunlarının az qala keçirilməsinin qarşısının alınmasının istənməsi, "repressiya" və "təqib"lərdən uzun-uzadı bəhs edilməsi - bütün bunlar nədənsə təxminən iki ay əvvəl Amerika Erməni Assambleyasının Azərbaycanla bağlı elə həmin Con Kerriyə ünvanladığı məktubun mətnini xatırladır.
Nədənsə.
Cənab Con Kerrinin isə deja-vyu hissi yaşadığı istisna deyil.
Axı o, Azərbaycandakı "faciəvi durum"la bağlı məktubun eynisini deyəsən, iki ay əvvəl oxumuşdu.
Məktub müəlliflərinin cəhdləri və göstərdikləri səylər insan haqları, demokratiya, azad söz və vətəndaş cəmiyyəti kimi kəlmələrlə pərdələnmiş ambisiyalar, intiqam, qisas, merkantilizm və müxtəlif oliqopolik qrupların, kleptoman dəstələrin, habelə qondarma "soyqırım"ın 100 iliyini "qeyd" etməyə hazırlaşan məlum toplumun küçə şüarçılığıdır.
Siyasət belə abdallığı bağışlamır.
Rəsmi Vaşinqtonun da marazmları gerçək sayacağını düşünmək yanlışlıq olardı.
Orxan Hun
Milli.Az