Dünya

“Shell” İngiltərənin neft və təbii qaz axtarış şirkəti “BG Group”u satın alıb

Metbuat.az

Bakı, 8 aprel,

AZƏRTAC

Dünyanın ən böyük enerji şirkətlərindən biri olan “Shell” İngiltərənin neft və təbii qaz axtarış şirkəti “BG Group”u təxminən 47 milyard funt sterlinqə (70 milyard dollar) satın alıb.


AZƏRTAC

“Shell”in rəsmi saytına istinadla xəbər verir ki, bu razılaşmadan sonra şirkətin ümumi dəyəri 200 milyard funt sterlinqə (296 milyard dollara) çatacaq. Enerji bazarlarında “Shell” “BG Group”u satın alması bu ilin ən böyük şirkət alğı-satqı müqaviləsi kimi qəbul edilir.


“Shell” rəhbəri Gorma Ollila bildirib ki, bu razılaşma şirkətin səhmdarlarına xidməti artırması üçün olduqca əhəmiyyətlidir. Bununla da bütün səhmdarları üçün daha rəqabətli və güclü bir şirkət meydana gələcək.


“BG Group”un icraçı direktoru Helqe Lund isə qeyd edib ki, şirkətin dərin sulardakı mütəxəssisliyi, axtarışdakı gücü, LNG çatdırılması və marketinq sahələrindəki mövqeyi “Shell”in böyüklüyü, mütəxəssisliyi və maliyyə gücü ilə birləşəcək.


1997-ci ildə İngiltərədə yaradılan “BG Group” ölkənin ən böyük üçüncü enerji şirkətidir və 24 ölkədə fəaliyyət göstərir.