Sayı azalan insanlar bir yerə toplaşdı (FOTO)
Bu gün Böyük Vətən müharibəsi veteranlarının iştirakı ilə mətbuat konfransı keçirilib. Günü-gündən azalan veteranlarımız bir yerə toplaşaraq xatirələri ilə bölüşüblər.
ANS PRESS-in məlumatına görə, konfransda Respublika Veteranlar Şurasının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev, Azərbaycan tarixində ilk dəfə 1980-ci ildə general-polkovnik rütbəsi alan Tofiq Ağahüseynov, Leninqrad blokadasının iştirakçıları İctimai Birliyinin sədri İrina Qədimova iştirak edib.
Tədbirdə çıxış edən Dadaş Rzayev bildirib ki, indi Azərbaycanda evsiz veteran yoxdur, onlara 800 avtomobil paylanılıb və veteranlar 800 manat məbləğində birdəfəlik maddi yardım alıblar. "Heydər Əliyev hakimiyyətə gələndən sonra 1994-cü ildə iyunun 28-də veteranların hüquqlarının bərpası haqqında əmr verib. Buna görə də biz hər il iyunun 28-ni veteranlar günü kimi qeyd edirik", - deyə o əlavə edib.
Daha sonra çıxış edən İrina Qədimova da Azərbaycanda Böyük Vətən müharibəsi veteranlarına göstərilən qayğıdan razılığını bildirib. "Leninqrad blokadasından cəmi 9 nəfər qalıb. Biz iztirablı günlərdən sonra Azərbaycan kimi bir ölkəyə düşdük. Burada böyük qayğı ilə əhatələndik. Heydər Əliyev Leninqrad blokadası iştirakçılarını təbrik edən ilk şəxs olub. Leninqrad bizim bioloji vətənimizdir. Azərbaycanda isə biz tamamilə fərqli və yeni bir həyata başladıq", - deyən Qədimova Azərbaycanı heç vaxt tərk etməyəcəyini bildirib. O həmçinin qeyd edib ki, müharibə həqiqətlərini gəncliyə çatdırmaq lazımdır ki, bir daha bu dəhşət yaşanmasın.
Respublika Veteranlar Şurasının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov isə tədbir əsnasında qeyd edib ki, veteranlar şurası Rusiya və MDB ölkələrinə müraciət ünvanlayıb. "Biz müraciətimizdə tarixin saxtalaşdırılmasına etiraz etmişik. Son zamanlar vətən xaini kimi mühakimə edilən bir çox ermənilər var ki, onlar müəyyən qüvvələrin dəstəyi ilə bəraət qazanır, hətta onları qəhrəman kimi qələmə verir, onlara abidə qoyulur, filmlər çəkilir", - deyə Cəlil Xəlilov qeyd edib.
Sonda jurnalistlərin suallarını cavablandıran Tofiq Ağahüseynov bildirib ki, mayın 9-da Rusiyada keçiriləcək hərbi paradda prezident İlham Əliyevlə yanaşı, Tofiq Ağahüseynov və veteranlar qrupu iştirak edəcək.
ANS PRESS