Sarkisyanın gizli oyunu
Ermənistanda hakimiyyət Konstitusiyanı dəyişməyə hazırlaşır və bu məqsədlə referendum keçirməyə qərar verib.
ANS PRESS-in məlumatına görə, ölkə parlamentini sədri Qalust Saakyan bildirib ki, Konstitusiya ilə bağlı referendum qaçılmazdır. Konstitusiyada islahatların aparılması barədə qanun layihəsi indi müzakirə mərhələsindədir.
Milli Məclisin sədri keçirdiyi brifinqdə deyib ki, parlament komissiyası bunun üzərində işləyir, təkliflər nəzərdən keçirilir və tezliklə sənədin mətni hazır olacaq.
Q.Saakyan Konstitusiyada konkret hansı maddənin dəyişdiriləcəyi barədə verilən sualdan yayınıb və cavab verməkdə çətinlik çəkib: "Hər şeyin müzakirələr prosesindən asılıdır. Düşünürəm ki, Konstitusiya referendumu ya bu ilin payızında, ya da gələn ilin yazında baş tutacaq."
O, jurnalistlərin "ölkənin parlament sisteminə keçid təklif edilirmi" sualına belə cavab verib: "Siz niyə belə düşünürsünüz?"
Erməni müxalifətinin fikrincə, bu, prezident Serj Sarkisyanın layihəsidir. Çünki, onun növbəti seçkilərdə iştirak səlahiyyəti olmayacaq. Ona görə, dövlət quruluşunu dəyişməklə, parlamentdə rəhbərlik etdiyi partiya ilə çoxluq qazanıb hakimiyyətdən getməməyə can atır.
Mənbə
ANS PRESS