“Sağlam həyat naminə erkən nikaha yox deyək” layihəsi çərçivəsində növbəti tədbir Astarada keçirilib
Astara, 10 aprel, Bağır Əliyev,
AZƏRTACAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Sağlam həyat naminə erkən nikaha yox deyək” layihəsi çərçivəsində növbəti tədbir aprelin 10-da Astara rayonunun Pəlikəş kənd tam orta məktəbində keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə erkən nikahla bağlı filmlərə baxıblar.
Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova erkən nikahların qarşısını almaq məqsədilə rayonda görülən işlərdən danışaraq layihənin əhəmiyyətini qeyd edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həyatımızın bütün sahələrində qazanılan uğurlardan söhbət açıb, erkən nikahların ailədə və cəmiyyətdə törətdiyi fəsadları diqqətə çatdırıb.
S. Qəhrəmanova ölkəmizdə qadınların xoşbəxt yaşamaları, həyatda fəal mövqe tutmaları üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.
Komitənin informasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova mövzu ilə bağlı məruzə edib.
Erkən nikahların körpə və ana ölümü hallarının çoxalmasına, boşanma hallarının artmasına, qızların təhsil imkanlarının azaldılmasına, onların cəmiyyətdən təcrid olunmasına, daha çox fiziki və cinsi zorakılığa məruz qalmasına səbəb olduğunu vurğulayan A. Veysəlova Ailə Məcəlləsində dəyişiklik edilərək ailə qurarkən qadınlar üçün minimum yaş həddinin 17-dən 18-ə qaldırıldığını, Cinayət Məcəlləsinin müvafiq bəndinə əsasən qadını nikaha daxil olmağa məcbur etməyə görə 2000 manatdan 3000 manata qədər cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə, eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3000 manatdan 4000 manata qədər cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıldığını diqqətə çatdırıb.
Azərbaycanın ayrı-ayrı bölgələrində erkən nikahlarla bağlı vəziyyət barədə məlumat verən A. Veysəlova vurğulayıb ki, 2014-cü ildə Astara rayonunda nikah halına çatmayan analar tərəfindən 56 uşaq dünyaya göz açıb.
Tədbirdə çıxış edən Mərkəzi Rayon Xəstəxanasının ginekoloji şöbəsinin müdiri Sevil Əliyeva, rayon polis şöbəsinin inspektoru Amal Rzayev, Pəlikəş kənd tam orta məktəbinin direktoru Nadir Eyvazov və başqaları erkən nikahların qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərdən danışaraq müzakirə edilən mövzu ilə bağlı təkliflərini bildiriblər.