Sadəliyin tam özü (VİDEO)
Görkəmli oftolmoloq Zərifə Əliyevanın anım günüdur.
ANS TV-nin məlumatına görə, sabah alimin ölümündən düz 30 il keçəcək. Zərifə Əliyeva Azərbaycan xalqının təkcə sağlamlığının keşiyində durmayıb. Onun böyütdüyü övladı isə bü gün Azərbaycanın dövlətçiliyinin keşiyindədir.
Məşhur rus akademiki Arkadiy Nesterov Zərifə Əliyevanı oftolmologiyada bir nömrə adlandırmışdı. Ümumiyyətlə bir nömrə olmaq, fərqlənmək hər insana nəsib olan xüsusiyyət deyil. Zərifə Əliyeva bu xüsusiyiətlərə malik qadın idi. Onu tanıyan ayrı-ayrı jurnalistlərdən dəfələrlə eşitmişəm ki, Zərifə xanım sadəliyin tam özüydü. Hərçənd, təkcə titulları onu adilikdən, sadəlikdən çıxarmaq üçün bəs edərdi.
Kim idi Zərifə Əliyeva? Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, keçmiş SSRİ-nin ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının Averbax adına mükafatın ilk qadın sahibi və daha onlarla neçə belə titulların, yüzlərlə elmi əsərin müəllifi.
Onun 62 illik ömrünə həm də böyük siyasətçinin həyat yoldaşı, Azərbaycanın dövlət başçısının anası olmaq kimi şərəfli bir pay da düşmüşdü. Zərifə Əliyeva Heydər Əliyevin siyasi həyatının ən mürəkkəb dönəmlərində onun ən sadiq yoldaşı, sirdaşı idi. Onların möhkəm, sadiq və ömürlük etibar üzərində qurulan münasibətləri hər bir azərbaycanlıya nümunə sayıla bilərdi.
Əslində bu əllər cərrah əlləriydi. O, bütün həyatını Azərbaycanda çox geniş yayılmış göz xəstəliyinə - traxomanın müalicəsilə bağlı məsələlərə həsr etmişdi. Amma bu əllər həm də bir evin xanımınını işgüzar əlləriydi. Yenə də rus mənbələrinə müraciət edirəm. Professor Şulpina yazırdı ki, bu incə əllərdə ailə qayğılarının, qadın əməyinin izlərini həmişə sezmək olurdu. Zərifə Əliyeva yüksək təbəqəyə mənsub olsa da, ev işlərindən heç vaxt boyun qaçırmazdı.
Qısası, o, yaxınlarının həyatı ilə yaşayan əsl ailə keşikçisi idi. 1985-ci ildə o, öz xəstəliyi haqqında artıq açıq şəkildə danışanda da özündən çox yaxınlarını düşünürdü.
“Onun üzü, təbəssümü... Bilirsiz, insanlar bu dünyanı tərk edəndə bu ilk növbədə onların gözlərindən hiss olunur. Onda bu hiss olunmurdu”, – deyə Əliyevlərin ailə dostu Tamara Sinyavskaya bildirib.
62 yaşının tamam olmasına cəmi 13 gün qalmış o, bu dünyadan köçdü. 1985-ci il aprelin 15-də. Onu Moskvanın Novo-Deviçye qəbristanlığında dəfn etdilər. Heydər Əliyevin necə sarsıldığını gözlərindən oxumaq olardı. O, həm də həyat yoldaşını yad ölkədə torpağa tapşırmağın acısını yaşayırdı.
Üstündən 9 il keçəndən sonra Heydər Əliyev sevimli həyat yoldaşının məzarını doğma Bakıya gətirir. Üzeyirin “Sənsiz” romansının sədaları altında Zərifə Əliyeva Fəxri xiyabanda əbədi mənzilinə köç edir. Məkanı cənnət olsun. Amin.
ANS TV: Ləman Əliəşrəfqızı