“SABAH-ın könüllüsü” birinci Avropa Oyunlarını dəstəkləyir
Bakı, 2 aprel,
AZƏRTACTəhsil Nazirliyinin “SABAH” qruplarının könüllüləri “Bakı 2015” birinci Avropa Oyunları ilə bağlı bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır.
Nazirlikdən
AZƏRTAC-a bildiriblər ki, tədbirlər “SABAH-ın könüllüsü” proqramı çərçivəsində “SABAH” qruplarının fəaliyyət göstərdiyi yeddi baza ali təhsil müəssisəsini əhatə edəcək.
“SABAH-ın könüllüsü” proqramı “SABAH” qruplarının tələbələrinin akademik təhsildən ayrılmadan, könüllü fəaliyyətə cəlb olunmaqla sosial fəallığı artırmaq və alınmış biliklərin təcrübədə tətbiqi, eləcə də onların idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədi ilə fəaliyyət göstərir.
“SABAH-ın könüllüsü” olan tələbələr könüllü komandalar şəklində layihə, proqram və tədbirlərin təşkilində iştirak edir, müxtəlif aksiyalar həyata keçirirlər. Bununla da onlar tədris prosesində qazandıqları bilik və bacarıqları tətbiq edərək tələbəlik dövründən peşəkar bacarıqlara yiyələnmək imkanı əldə edirlər.
“SABAH” İcra Komitəsinin rəhbəri Elçin Ağakişiyev qeyd edib ki, “SABAH-ın könüllüsü” olmaq tələbələrə asudə vaxtlarını səmərəli dəyərləndirməyə, komandalar şəklində fəaliyyət göstərərək həm bilik və bacarıqlarını inkişaf etdirməyə, həm də yeni bacarıqlara yiyələnməyə və real təcrübə qazanmağa imkan verir. Artıq “SABAH-ın könüllüsü” proqramı çərçivəsində könüllülərlə bir sıra görüşlər keçirilib. Həmçinin, könüllülər tərəfindən onların təşəbbüslərinin reallaşdırılması istiqamətində planlaşdırma həyata keçirilib. “SABAH” qruplarında təhsil alan bütün tələbələr “SABAH-ın könüllüsü” ola, öz təşəbbüsünü irəli sürə, bu təşəbbüslərin reallaşdırılmasına təşkilatçı və iştirakçı kimi qatıla bilərlər.
“SABAH-ın könüllüsü” olmaq üçün “SABAH” qruplarında təhsil alan tələbələr konullu.sabah@edu.gov.az ünvanına müraciət edə bilərlər. “SABAH-ın könüllüsü”nün fəaliyyətini “SABAH” qruplarının rəsmi saytı (www.sabah.edu.az) və “facebook” sosial şəbəkəsində rəsmi səhifəsindən (www.facebook.com/sabah.edu.gov.az) izləmək mümkündür.
Qeyd edək ki, “SABAH” qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələbələrə uyğun kadr hazırlığının təmini və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədi ilə nazirliyin tabeliyindəki ali təhsil müəssisələrində savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda “SABAH” qrupları yeddi ali təhsil müəssisəsində (Bakı Dövlət, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Texniki, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Dillər universitetlərində və Azərbaycan Dövlət Neft Akademiyasında) 33 ixtisas üzrə 755 tələbəni əhatə edir.