Regionlarda istedadlı gənclərdən ibarət “Gənc arxeoloqlar klubu” yaradılıb
Bakı, 15 aprel,
AZƏRTAC“Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi “Arxeoloji irsimizi öyrən – Vətənini tanı” adlı layihəni həyata keçirib.
Birlikdən
AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi yeniyetmə və gəncləri Vətənimizin qədim tarixi və zəngin mədəni irsi ilə yaxından tanış etmək, gənclərin Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı biliklərinin və dünyagörüşlərinin hərtərəfli inkişafına dəstək olmaqdır.
Şəmkir və Qəbələ rayonlarında həyata keçirilən layihə çərçivəsində “Üfüq” Gənclərin İnkişafı Naminə İB-nin sədri, layihə rəhbəri Nail Şükürov layihə haqda məlumat verib, arxeoloji irsimizin öyrənilməsinin əhəmiyyətli olduğunu bildirib.
Arxeoloq Natiq Alışov iştirakçılara ölkəmizdəki arxeoloji abidələr, arxeoloji irsimizin, tariximizin öyrənilməsinin əhəmiyyəti, qədim Alban məbədləri və s. haqqında ətraflı bəhs edib.
Layihə çərçivəsində təşkil olunan seminarlarda arxeoloji abidələrimiz haqqında sosial şəbəkələrdə fəaliyyət, abidələrin qorunması kimi aktual mövzulara toxunulub, foto və video təqdimatlar keçirilib.
Layihədə iştirak edən bir qrup gənc Şəmkir və Qəbələ bölgələrindəki qədim arxeoloji məkanlarla tanış olub.
Layihə çərçivəsində hər bir regionda istedadlı gənclərdən ibarət “Gənc arxeoloqlar klubu” yaradılıb. Bu klub gələcəkdə fəaliyyət göstərəcək və yerli gənclər və idman idarələri ilə birlikdə çalışacaq.