Dünya
Qərbi qorxudan hesabat: dinlərin gələcəyi - STATİSTİKA - FOTO
"Dünyada müsəlmanların sayı sürətlə artır və bu proses 2070-ci ilədək daha da aktivləşəcək. Daha doğrusu, dünyada digər dinlərin mənsubları ilə müqayisədə müsəlmanların sayı daha sürətlə artacaq.
Dünyanın dini profili ən iri səmavi dinlərə mənsub insanlar arasında demoqrafiya baxımından fərqlər, habelə bu və digər din mənsubları arasında gənclərin sayından asılı olaraq dəyişəcək. Dinlərini dəyişən insanlar da situasiyaya təsir edəcəklər. 2050-ci ilədək xristianlar ən böyük dini qrup olaraq qalacaq. İslam isə bütün digər səmavi dinlərlə müqayisədə sürətlə inkişaf edəcək, populyarlaşacaq.
ABŞ və ya Fransa kimi ölkələrdə ateistlərlə aqnostiklərin sayı az olmasa da, dünya miqyasında onların sayı azalacaq. Buddistlər və yəhudilərin də sayı artacaq, fəqət artım müsəlmanlarla müqayisədə passiv olacaq.
Hindistan vətəndaşlarının əksəriyyəti hindus olsalar da, ölkədə müsəlmanların artım sayı daha da sürətlənəcək və sonucda Hindistan İndoneziyanı qabaqlayaraq dünyada ən çox müsəlman yaşayan ölkəyə çevriləcək.
Hazırda əhalinin 74 faizini xristianlar təşkil edən ABŞ-da müsəlmanların sayı sürətlə artacaq və 2050-ci ildə ölkə əhalisinin yalnız 63 fazi xristian olacaq.
Birləşmiş Ştatlarda müsəlmanların sayı yəhudiləri üstələyəcək.
2050-ci ildə dünyada hər 10 xristiandan 4-ü Afrikada, Saxara səhrasından cənubda yaşayacaq".
Milli.Az bildirir ki, ABŞ-ın məşhur "Pew Research Center" sosioloji araşdırmalar və konsaltinq şirkətinin "The Future of World Religions: Population Growth Projections, 2010-2050" hesabatına görə, 2070-ci ildə dünyada müsəlmanların sayı xristianlardan çox olacaq.
Hesabat müəlliflərinin fikrincə, dünyanın digər əhalisi ilə müqayisədə müsəlmanlar 2 dəfə sürətlə artırlar.
2070-ci ildə ən çox müsəlman Hindistanda yaşayacaq.
2010-cu ildən bəri müsəlmanların artım sürəti 73 faiz, xristianlar - 35 faiz, hindular - 34 faiz, yəhudilər - 14 faiz, digər dinlərin və inancların mənsublarında isə 14 faiz olacaq.
2100-cü ildə dünyada müsəlmanların sayı xristianlarla müqayisədə 1 faiz çox olacaq.
"2050-ci ildə Avropa Birliyi ölkələrinin əhalisinin ən azı 10 faizini müsəlmanlar təşkil edəcək. Müsəlmanların belə sürətli artımı şərtlənldirən səbəblər Avropaya mühacirət edən müsəlmanlar arasında gənclərin üstünlük təşkil etməsi, habelə müsəlman ailələrində doğuşların sayının xristianlarla müqayisədə daha çox olmasıdır. Hazırda müsəlman ailələrinin hər birinin payına 3,1 uşaq düşür. Atetistlər və aqnostiklərə gəldikdə isə, onların sayı hazırda dünya əhalisinin sayının 16 faizini təşkil etsə də, yaxın onilliklərdə onların sayı azalacaq və 2050-ci ildə 13 faizə bərabər olacaq", - hesabatda deyilir.
2050-ci ildə dünya əhalisinin 31,4 faizi və ya 2,918 milyard nəfər müsəlman, 29,7 faiz və ya 2,761 milyard nəfər - xristian, 13,2 faiz və ya 1,23 milyard nəfər - ateist və ya aqnostik, 14,9 faiz və ya 1,384 milyard nəfər - hindus, 5,2 faiz və ya 486,7 milyon nəfər - buddist, 4,8 faiz və ya 449,14 milyon nəfər - ənənəvi inanclar, 0,2 faiz və ya 16,9 milyon nəfərsə yəhudilər olacaq.
2050-ci ildə yerli əhali arasında xristianların sayının ən çox olacağı ölkələr Avstraliya (67,3 faiz), Böyük Britaniya (64,3 faiz), Benin (53 faiz), Fransa (63 faiz), Makedoniya (59,3 faiz), Yeni Zelandiya (57 faiz), Bosniya-Hersoqovina (52,3 faiz) və Niderland (50,6 faiz) olacaq.
Ekspertlərin hesablamalarına görə, xristianların populyasiyalarının azalmasının qarşısını almaq üçün hər xristian ailəsində ən azı 3 uşaq olmalıdır.
Milli.Az