Qazax rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb
Bakı, 14 aprel,
AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu aprelin 14-dən etibarən Qazax rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.
Nazirlikdən
AZƏRTAC-a bildiriblər ki, Fond Qazax rayonunun Ağköynək kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədi ilə müzakirələr aparılıb. Rayon üzrə sahibkarlıq subyektlərindən ixtisaslaşdırılmış “yaşıl market”in, cins heyvandarlıq, üzümçülük və arıçılıq təsərrüfatlarının, ət kəsimi, pendir istehsalı, meyvəqurutma və günəbaxan tumlarının emalı və qablaşdırılması müəssisələrinin yaradılması istiqamətində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Onların istəyinə əsasən kiçik həcmli investisiya layihələrinin dəyərinin hamısı dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172. Telefon: (012) 434-74-29, faks: (012) 432-37-17, e-mail:
info@anfes.gov.az.