Qaxda milli mətbəximizin təbliğinə yönələn bir sıra tədbirlər keçiriləcək
Qax, 6 aprel, Mustafa Dadaşov,
AZƏRTACXəbər verildiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi yeni “Xalq yaradıcılığı paytaxtları” proqramına əsasən, Qax şəhəri 2015-ci il üçün “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilib.
Proqramın icrasını təmin etmək məqsədilə rayon mədəniyyət və turizm şöbəsi tərəfindən xüsusi tədbirlər planı işlənib hazırlanıb və artıq icrasına başlanılıb.
Şöbədən
AZƏRTAC-a bildirilib ki, hazırda planda nəzərdə tutulan tədbirlərin icrası istiqamətində iş davam etdirilir. Aprel ayında Qax şəhərinin “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilməsi ilə əlaqədar rayonda təntənəli tədbir keçiriləcək.
Proqram çərçivəsində tədbirlər ilboyu davam edəcək. Tədbirlər planına uyğun olaraq bu il rayonda xəmir xörəkləri, plov, dolma, şirniyyat, meyvə şirələri festivallarının, “Bal bayramı” və digər tədbirlərin keçirilməsi, həmçinin rayonda yaşayan milli azlıqların mətbəx nümunələrinə aid festivalın təşkili nəzərdə tutulub.
Bundan əlavə, 2015-ci il ərzində rayonda Azərbaycanın milli mətbəxinə həsr olunan konfrans və “dəyirmi masa”lar keçiriləcək, mədəniyyət müəssisələrində “Milli mətbəximiz” mövzusunda sərgilər təşkil ediləcək, mədəniyyət evlərində kulinariya dərnəkləri yaradılacaq.
Tədbirlər planında, həmçinin Qaxın kulinariyası haqqında məlumatların buklet və kitab şəklində çap olunması da nəzərdə tutulub.