Ölkə

Qarsda “Ermənilərin köçürülməsinin 100 illiyi və həqiqətlər” mövzusunda toplantı keçirilib

Metbuat.az

Qars, 3 aprel ,

AZƏRTAC

Türkiyənin Qars vilayətinin Arpaçay rayon kaymakamlığı (icra hakimiyyəti) “Ermənilərin köçürülməsinin 100 illiyi və həqiqətlər” mövzusunda toplantı keçirib.


Arpaçay kaymakamı Faruk Erdem, bələdiyyə sədri Erçetin Altay, Azərbaycanın Qarsdakı baş konsulluğunun əməkdaşları Ramin Yusubov və Davud Qurbanlı, Qars Qafqaz Universitetinin kollektivi, Arpaçay rayonunun rəsmi qurumlarının nümayəndələri və yerli ictimaiyyətin təmsilçilərinin iştirak etdikləri tədbirdə XIX əsrin sonlarından başlayaraq ermənilər tərəfindən Anadoluda və Qafqazda türk - müsəlman əhaliyə qarşı törədilən vəhşilik və soyqırımlardan danışılıb.


Qars Qafqaz Universitetinin müəllimləri Selçuk Ural, Yaşar Kop, Nebahat Aslan, Gökay Durmuş və başqaları mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüblər. Çıxışlarda ermənilər və onların havadarlarının əsrlər boyu Azərbaycan və Türkiyə ərazilərində dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərdən bəhs olunub. Toplantıda saxta erməni soyqırımının səbəb və məqsədlərinə toxunulub. Qeyd olunub ki, erməni yalanlarını ifşa etmək üçün daha səmərəli işlər görülməli, 1915-ci il hadisələrinə dair həqiqətlər dünya ictimaiyyətinə daha düzgün çatdırılmalıdır. Tarixi faktlar əsasında diqqətə çatdırılıb ki, ermənilər Osmanlı dövlətinə qarşı xəyanət mövqeyi tutaraq ölkənin bütün bölgələrində silahlı qiyamlar qaldırmış, dinc müsəlmanlara qarşı soyqırımıları həyata keçirmişlər. Odur ki, silahlı üsyanları zərərsizləşdirmək üçün ən humanist qərar silahlı erməniləri tərksilah edərək onları ölkədən köçürmək olmuşdur.


Çıxışlardan sonra tədbir iştirakçılarına Arapaçay rayonunun Böyükçatma kəndində aparılan qazıntılar zamanı ermənilərin türk xalqına qarşı törətdikləri qətliamların nişanəsi olan kütləvi məzarlıqdan çıxarılmış skeletlər və orada basdırılanlara aid əşyaların aşkara çıxarılması prosesinin video görüntüləri və “Ermeni olayları” adlı slaydlar nümayiş etdirilib. Məraim keçirilən binanın foyesində erməni zülmünü əks etdirən fotosərgi təşkil olunub və tədbirin sonunda iştirakçılar Arpaçay rayonunun Böyükçatma kəndində soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Şəhidlik” abidəsini ziyarət ediblər.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İzmir