Ölkə

Qaradağ rayonunda erkən nikahın fəsadları barədə maarifləndirmə tədbiri keçirilib

Metbuat.az

Bakı, 3 aprel,

AZƏRTAC

Qaradağ rayonunun Qobustan qəsəbəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə “Sağlam həyat naminə erkən nikaha yox deyək!” mövzusunda tədbir keçirib.


AZƏRTAC

xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Təranə İsmayılova ulu öndər Heydər Əliyevin hər zaman milli mənəvi dəyərlərimizi xalqımızın ən böyük sərvəti hesab etdiyini bildirib. Qeyd edib ki, dövlətimiz ailə institutunun möhkəmləndirilməsi, uşaq və qadın hüquqlarının müdafiəsi sahəsində qarşıya qoyulmuş vəzifələri həyata keçirmək üçün məqsədyönlü siyasət yürüdür. Azərbaycanda qadın hüquqlarının reallaşdırılması və gender bərabərliyinin təmin olunması üçün geniş imkanlar var, bununla bağlı mühüm qanunlar qəbul edilib.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva komitə tərəfindən əhali, xüsusilə gənclər üçün insan alveri, erkən nikah və qan qohumları arasında bağlanan nikahların yaratdığı fəsadlar barədə və sağlam həyat tərzinin təbliği istiqamətində genişmiqyaslı maarifləndirmə işlərinin aparıldığını qeyd edib.


Tədbirdə digər çıxış edənlər erkən nikahların yaratdığı fəsadlar barədə danışıblar. Bildirilib ki, bu gün dövlətimiz və cəmiyyətimiz öz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşması üçün çalışır. Qeyd edilib ki, cəmiyyətin diqqətinin mütəmadi olaraq ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, sağlam həyat tərzinin təbliği istiqamətində ardıcıl iş aparılmalıdır.