Qanunsuz tikinti işlərinin qarşısı alınıb, təqsirkarlar cəzalandırılıb
Bakı, 17 aprel,
AZƏRTACAzərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, “Lake Residence” Məhdud Məsuliyyətli Cəmiyyəti müvafiq icazə sənədi almadan Yasamal rayonu, 593-cü məhəllə, general Akim Abbasov küçəsi, 25 saylı ünvanda qanunsuz olaraq tikinti işlərinin aparılmasına başlayıb və həmin ərazidə mövcud olan gölün bir hissəsinin tikinti qırıntıları ilə doldurulmasını həyata keçirib.
Bununla əlaqədar olaraq, göstərilən ərazidə qanunsuz tikinti işləri aparan “Lake Residence” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xəbərdarlıq edilib. Qanunsuz tikinti işlərinin ləğv edilməsi, gölün doldurulmuş hissəsinin təmizlənməsi və ətrafda əhalinin istirahətinin mənalı təşkili üçün ərazidə yüksək səviyyədə abadlaşdırma işlərinin öz vəsaiti hesabına həyata keçirilməsi “Lake Residence” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılıb.
Eyni zamanda, sözügedən ərazidə tikintiyə icazə sənədi almadan inşaat işlərini həyata keçirən və gölün bir hissəsini qanunsuz olaraq zəbt edərək dolduran “Lake Residence” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin qanunsuz əməllərinin araşdırılması və müvafiq tədbirlər görülməsi barədə göstərişlər verilib.
Eləcə də, rəhbərlik etdiyi rayonun ərazisində tikintiyə müvafiq icazə sənədi olmadan aparılan inşaat işlərinin qarşısının vaxtında alınmaması və bu istiqamətdə tədbirlərin yüksək səviyyədə həyata keçirilməsində nöqsanlara yol verdiyini nəzərə alaraq, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevə töhmət verilib.
Bu barədə
AZƏRTAC-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.