Ölkə

Qan ver, həyat xilas et!

Metbuat.az

Xırdalan, 9 aprel, Ətrabə Rzayeva,

AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası çərçivəsində artıq 6 ildir ki, ənənəvi olaraq yaz ərəfəsində Abşeron rayonunda qanvermə aksiyası həyata keçirilir. “Qan ver, həyat xilas et!” şüarı altında keçirilən növbəti humanist aksiya Abşeron Rayon İcra Hakimiyyətinin və rayon mərkəzi poliklinikasının birgə təşkilatçılığı ilə reallaşıb.


AZƏRTAC

xəbər verir ki, Abşeron rayonunda fəaliyyət göstərən idarə və təşkilatların əməkdaşları, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri yüksək həvəslə qanvermə aksiyasında iştirak ediblər.


Respublika Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadası tərəfindən götürülən qan nümunələrinin laboratoriyada müayinə edildikdən sonra talassemiyalı və digər irsi qan xəstələrinin müalicəsində istifadə olunacağı bildirilib.


Aksiya zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilib. Gün ərzində davam edən aksiyaya 800 nəfərdən çox rayon sakini müraciət edib. Onlardan 250 nəfərindən qan götürülüb. Toplanan qan Mərkəzi Qan Bankına təhvil verilib.