Digər

Prezident: Vəzifələr aydındır

Metbuat.az

"Azərbaycanda Avropa Oyunları Parkı yaradılır". Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı belə deyib.



Prezidentin sözlərinə görə, bu, əslində müvəqqəti idman qurğuları kimi nəzərdə tutulurdu. Ancaq nəzərə alsaq ki, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları Bakıda keçiriləcək, hesab edirəm, Avropa Oyunlarından sonra Avropa Oyunları Parkı qalmalıdır. "Ola bilər İslam Həmrəyliyi Oyunlarından sonra da qalsın. Çünki indi Bakıda yeni gözəl bir istirahət zonası yaradılır".



İ.Əliyev qeyd edib ki, Bayraq Meydanından Bibiheybətə qədər gözəl bir park və istirahət zonası, idman zonası yaxın zamanlarda ictimaiyyətin istifadəsinə veriləcək. Bulvar ərazisi tədricən genişləndirilir. İndi Bayraq Meydanından Bibiheybətə tərəf olan hissədə böyük tikinti, abadlıq işləri görülür. Beləliklə, “Ağ Şəhər” bulvarı ilə birlikdə bulvarın uzunluğu 16 kilometrə çatacaq.



"Tofiq Bəhramov adına Stadionda təmir-bərpa işləri artıq başa çatıb. İndi orada da müvafiq qurğular tikilir. “Crystall Hall”da bir neçə idman növü üzrə yarışlar keçiriləcək. Orada da işlər hazırdır. Mingəçevirdəki “Kür” avarçəkmə bazasında müvəqqəti qurğular, tribunalar yaradılır. Atletlər Kəndi demək olar ki, hazırdır, Media Kəndi yaradılıb. Media Kəndi - deyə bilərəm ki, ümumiyyətlə, ilk dəfə belə bir yer olacaq. Çünki Yay Olimpiya və Qış Olimpiya oyunlarında heç vaxt Media Kəndi olmayıb. Jurnalistlər hərəsi bir yerdə qalırdı. Biz isə jurnalistlərə də diqqət göstərərək onlar üçün də gözəl yaşayış yerlərini müəyyən etdik, düz Atletlər Kəndinin yanında yerləşir".



Dövlət başçısı bildirib ki, oyunlara dünyada çox böyük maraq var. Altmışa yaxın telekanal artıq müqavilə bağlayıb ki, bu Oyunları yayımlasın və beləliklə, “Bakı-2015” birinci Avropa Oyunları dünya ictimaiyyəti tərəfindən də izlənəcək.



"Yəni, son mərhələdəyik, ona görə şadam ki, çox qısa bir müddətdə - iki il yarım ərzində biz bu işin öhdəsindən gəldik. Əslində mən şübhə etmirdim, çünki bizim başladığımız bütün işlər uğurla yekunlaşır. Əminəm ki, Avropa Oyunları da böyük idman və dostluq bayramına çevriləcək. Bir sözlə, vəzifələr aydındır. Biz ilin sonuna qədər fəal işləməliyik ki, bütün vəzifələri uğurla icra edək, ölkəmizi daha da gücləndirək".

Mənbə
ANS PRESS