Ölkə

Oxot dənizində boğulan azərbaycanlıların cənazəsi gətirilib (VİDEO)

Metbuat.az

Bir neçə gün öncə Oxot dənizində batan "Dalniy Vostok" balıqçı gəmisində həlak olan azərbaycanlıların cənazələri Bakıya gətirilib.



ANS TV-nin məlumatına görə, bu gün səhər saatlarında təyyarə ilə gətirilən Məhəmməd Səfərovun cənazəsi doğulduğu Zaqatala rayonuna, Muradəli Məhərrəmovun nəşi isə Naxçıvan Muxtar Respublikasına göndərilib.


Dünyasını dəyişən Fazil Şəkərov isə doğulduğu Maştağa kəndində torpağa tapşırılıb.



F.Şəkərovun qardaşı Sabirin sözlərinə görə, qardaşı on ildən artıqdır ki, Rusiyada yaşayıb. Onlar bu xəbəri aprelin 2- də televizya vasitəsilə eşidiblər.



Cənazələrin gətirilmə prosesinə rəhbərlik edən Ümumrusiya Konqresinin sədri Nazir Hətəmov gəmidə olan digər azərbaycanlıların vəziyyətinin qənaətbəxş olduğunu deyib. Onun sözlərinə görə, gəmidə ümumi 7 azərbaycanlı olub. Bunlardan 4-ü hazırda Saxalin vilayətində xəstəxanada müalicə alır və onların vəziyyəti yaxşıdır.



Xatırladaq ki, aprelin 1-də Oxot dənizində üzən Uzaq Şərq adlı böyük balıqçı gəmisi Maqadan şəhərindən 300 kilometr aralıda batıb. Gəminin hansı səbəblərdən batması hələ ki məlum deyil. Bununla bağlı araşdırmalar davam edir.



Mənbə
ANS-TV