Ötən üç ayda Lənkəranda ümumi məhsul istehsalı 3,2 faiz artıb
Lənkəran, 16 aprel, Bağır Əliyev,
AZƏRTACYenidənqurmadan sonra istifadəyə verilmiş Lənkəran Mədəniyyət Mərkəzində keçirilən şəhər icra hakimiyyətinin geniş şura iclasında bu ilin birinci rübündə sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC
xəbər verir ki, yığıncaqda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Lənkərana səfərindən danışaraq, bu səfərin rayonun tarixinə qızıl hərflərlə yazılacağını bildirib. T.Qaraşov aprelin 14-də dövlətimizin başçısının Lənkəranın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi və Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun yenidən qurulması barədə imzaladığı sərəncamları Prezident İlham Əliyevin Lənkərana və lənkəranlılara göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirib.
Qeyd olunub ki, bu ilin birinci rübündə Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sürətlə davam edib. Rüb ərzində rayonda ümumi məhsul buraxılışı 3,2 faiz artaraq 63,6 milyon manat təşkil edib. Sənayedə 5,3 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 10,4 faiz çox məhsul istehsal olunub. Bu dövrdə rayonda 665 yeni iş yeri açılıb. Bunun 545-i daimi iş yerləridir.
Bildirilib ki, üç ay ərzində rayonda sosial sahədə də bir sıra layihələr həyata keçirilib. Lənkəran şəhərinin küçə və xiyabanlarında, qəsəbə və kəndlərdə, magistral yolların kənarlarında evlərin divarları, daş hasarlar suvaqlanıb, bardürlər və hasarlar yenidən rənglənib, şəhərdə yerləşən 4 çoxmərtəbəli yaşayış binasının dam örtüyü əsaslı təmir olunub, 9 binanın fasadı yenilənib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 5 milyon 602 min manat vəsaitə uyğun olaraq on min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən 18,8 kilometrlik Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu tikilib istifadəyə verilib, yaşayış məntəqələrində dəmir-beton konstruksiyalı 4 avtomobil körpüsü quraşdırılıb, rayonda keçirilən yaşıllaşdırma aylığı çərçivəsində 35 min 753 ədəd ağac əkilib.
Diqqətə çatdırılıb ki, 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı” ili” elan olunması ilə bağlı Lənkəranda yeni “Gilan arqo-sitrus” təsərrüfatı yaradılıb. Yeni sitrus təsərrüfatının ümumi sahəsi 45 hektardır. Hazırda 10 hektar ərazidə “Gilan Aqro” şirkəti tərəfindən Cənubi Koreyadan gətirilən “Hallabong” sitrus meyvəsinin ağacları əkilib. Yeni salınmış sitrus təsərrüfatında 140 nəfərin daimi işləməsi nəzərdə tutulub. Gələcəkdə təsərrüfat genişləndirilərək 500 hektara yaxın ərazini əhatə edəcək. O cümlədən dağətəyi ərazilərdə terras əkin üsulu ilə sitrus plantasiyaları salınacaq. Aparılacaq işlərin nəticəsində istifadəsiz qalmış torpaqlar yenidən kənd təsərrüfatı dövriyyəsinə qatılacaq və bu 2 min daimi iş yerinin yarınmasına imkan verəcək. Yeni sitrus meyvələrinin məhsuldarlığı hektarda orta hesabla 35-45 tona çatır ki, bu da yerli növlərdən 2-3 dəfə çoxdur. İstehsal olunmuş meyvələrdən təzə halda və qida, qənnadı, kosmetik, ətriyyat və digər sənaye sahələrində, həmçinin şirə istehsalında və şərabçılıqda istifadə edilməsi nəzərdə tutulub. O cümlədən daxili bazarda satış üçün rayonda mövcud olan “Gilan Lənkəran Konserv Zavodunda” meyvə şirəsi istehsal olunacaq. Sitrus təsərrüfatında ümumilikdə 1800 ton məhsul götürüləcək ki, bu da 180 min nəfərin illik istehlak normasına bərabədir.
Müzakirələrdə çıxış edənlər bu ilin birinci rübündə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən danışaraq, qarşıda duran vəzifələrlə bağlı təkliflərini bildiriblər.
Şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.