"Onların cavabını verməliyik"
“Londonda fəaliyyət göstərən təşkilatların bir qismi pozuculuq fəaliyyəti üzrə ixtisaslaşıb. Yəni onların təyinatı budur və daha artığını gözləmək olmaz”. Milli.Az xəbər verir ki, bu sözləri
SİA-ya açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, politoloq
Elşən Musayev“Index on Censorship” təşkilatının yayımladığı “Azərbaycanda insan haqlarına idman şansı verin” başlıqlı məqaləsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, eyni halla biz 2013-cü ildə keçirilən prezident seçkiləri öncəsi də qarşılaşmışıq: “Adı çəkilən təşkilat həmin vaxt aktiv olanlardan biri idi. Saxta məlumatlar, donoslar isə hər zaman olduğu kimi Əli Kərimli və Cəmil Həsənli tərəfindən ötürülürdü. İndi də eyni estafetin davamı gəlir və xisləti yalan, iftira olan qurumun ya da qurumların hər hansı bir fitnəkarlığına qətiyyən təəccüblənmək lazım deyil. Onların işi budur, pul qazanmaq, özlərini dolandırmaq yolu budur və Azərbaycan nə qədər inkişaf etsə, uğurlu layihələrə nə qədər çox imza atsa, bir o qədər də həmin qüvvələrin təpkisi, basqısı ilə üzləşəcək. Çünki bu dövlətin yüksəlişini gözü götürməyənlər yetərincədir. Məlum proseslərin qarşısını almaq üçünsə ölkəmizdəki ictimai-siyasi sektorun bütün üzvləri aktivlik nümayiş etdirməlidir. Çünki həmin prosesi aparan beynəlxalq dairələr, eyni zamanda öz içimizdən xarici qüvvələrə satılanlar, bəlli dairələrdən gələn pullarla, qrantlarla maliyyələşib ölkənin imicinə zərbə vurmaq istəyənlər bizlərdən daha böyük və daha güclü görünməməlidirlər. Hamılıqla səfərbər olub onların cavabını verməliyik, yalanlarını ifşa etməliyik. Başqa yol yoxdur”.
Milli.Az