Ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının qəbul olunmasının iki illiyinə həsr edilən elmi-praktiki konfrans
Bakı, 8 aprel,
AZƏRTACAprelin 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun Elektron akt zalında “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi və proqramın qəbul edilməsinin iki illiyinə həsr olunan elmi-praktiki konfrans keçirilib.
Dilçilik İnstitutundan
AZƏRTAC-a bildiriblər ki, konfransda bu elm müəssisəsinin direktoru, akademik Tofiq Hacıyev çıxış edərək Prezident İlham Əliyevin 2013-cü il 23 may tarixli Sərəncamı ilə təsdiqlənmiş bu mühüm sənədin icrası ilə bağlı görülən işlərdən danışıb.
Bildirilib ki, Dövlət Proqramı əsasında Dilçilik İnstitutunda monitorinq şöbəsi yaradılıb. Həmin şöbə bu gün dilin praktik vəziyyəti ilə məşğul olur. Həmçinin, institutda Azərbaycan dilinin Dialektoloji Atlasının çapı üçün müəyyən işlər görülür.
Akademik qeyd edib ki, ana dili hər bir xalqın, milli mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Dövlət dilini qorumaq hər bir dövlətin mühüm siyasi vəzifələrindən, əsas milli texniki maraqlarındandır. Qloballaşma dünyada informasiya verən onu qəbul edən mexanizm, yəni, dil dövlətçiliklə tənzim olunduqda perspektivləri artır, işlənmə əhatəsi genişlənir, informasiya intensivliyi yüksəlir. Müstəqil dövlətçilik mərhələsi dilin inkişafının ən etibarlı bazasıdır.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, Mətbuat Şurasının dil komissiyasının rəhbəri Bəxtiyar Sadıqov “Azərbaycan KİV-lərində dil normalarının gözlənilməsinin vəziyyəti” mövzusunda çıxış edib, ölkəmizdə dilçiliyin inkişafına göstərilən dövlət qayğısından söz açıb. Bu sahədə dövlətimizin başçısının müvafiq Sərəncamını xatırladan B.Sadıqov bildirib ki, dövlət dili dil siyasətinin əsas anlayışıdır və milli dilin dövlət dili səviyyəsinə yüksəlməsi ölkəmizin apardığı dil siyasətinin real nəticəsidir. Dil quruculuğu dilə şüurlu və məqsədyönlü təsirdir, dil quruculuğu, dil siyasətinin tərkib hissəsidir.
Tədbirdə professor Sayalı Sadıqovanın “Azərbaycan dilində terminologiyanın inkişafı: perspektivlər, vəzifələr” mövzusunda məruzəsi dinlənilib.
Digər çıxış edənlər də Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin əhəmiyyətindən danışıb, proqram çərçivəsində görülən işləri yüksək qiymətləndiriblər.