Ölkə

Nizami rayonunda rus icmasının nümayəndələri ilə görüş keçirilib

Metbuat.az

Bakı 17 aprel,

AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında Pasxa bayramı münasibətilə rus icmasının nümayəndələri ilə görüş keçirilib.


Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, yüz illər boyu yüksək mənəvi-əxlaqi dəyərlərin və etnik-dini tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycan cəmiyyətində ayrı-ayrı xalqlar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət, etimad və qardaşlıq münasibətləri mövcuddur.


Azərbaycan Rus İcması sədrinin birinci müavini Zenin Fedoroviç bildirib ki, çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizdə xristian icmasının özünəməxsus yeri var. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları, o cümlədən pravoslav xristianlar öz hüquq və azadlıqlarından lazımınca yararlanmaqla, ölkəmizdə gedən böyük inkişaf və quruculuq prosesində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirirlər.


Rus icmasının Nizami rayon üzrə sədri Larisa Kovalov və digərləri çıxışlarında diqqətə çatdırıblar ki, yeniliyin, əmin-amanlığın, həmrəylik və mərhəmət duyğularının rəmzi olan Pasxa bayramı hər il Azərbaycanda təntənə ilə qeyd edilir.


Daha sonra Nizami rayonunda yaşayan 200-dən artıq icma üzvünə bayram hədiyyələri verilib.